Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yeni Kaledoniyada aksiyada Azərbaycan Prezidentinin və “Dəmir yumruğun” plakatları qaldırılıb - FOTO/VİDEO
Martın 20-21-də Yeni Kaledoniyanın paytaxtı Numea şəhərindəki Cocotiers meydanında müxtəlif şüarlarla etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları Fransa hökumətinin Yeni Kaledoniyanın daxilində destabillik yaratmaq siyasətinə və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasına etirazlarını bildiriblər.
Fransa hökumətinin yerli əhalinin mövqeyini nəzərə almadan konstitusiya dəyişiklikləri etməsini yolverilməz sayan aksiya iştirakçıları bildiriblər ki, bu, 1998-ci ildə Fransa ilə Yeni Kaledoniya arasında imzalanmış Numea Sazişinə ziddir. Onlar bildirirlər ki, qanunsuzluqlar ona görə edilir ki, seçkilərdə yeni iştirakçılar (Fransadan məqsədli köçürülmüş fransızlar) üçün yol açılsın. Ona görə də aksiya iştirakçıları “Prezident Makronun konstitusiya islahatlarına”, “Fransız dövlətinin destabilizasiya manevrlərinə” yox deyirlər.
Aksiyada çıxış edən Yeni Kaledoniya parlamentinin Ailə və Qadınların hüquqları komissiyasının sədr müavini Marie-Line Sakilia beynəlxalq ictimaiyyəti kanaklara dəstək olmağa çağırıb:
“Azərbaycana kanak əhalisinin müstəqillik və suverenliyi uğrunda apardığı mübarizəyə dəstək verdiyinə görə təşəkkürümüzü ifadə edirik. Biz Bakı Təşəbbüs Qrupuna da beynəlxalq ictimaiyyətin diqqətini bizim problemimizə cəlb etməyə yardım göstərdiyi üçün minnətdarlığımızı ifadə edirik”.
Yeni Kaledoniyanın Populyar Nəşrlər Assosiasiyasının prezidenti Brenda Hanthipe Vanabo isə bildirib ki, Fransa dövləti kanakları müstəmləkəçilikdən azad olmaması üçün sıxmaqda davam edir: “Mübarizəmiz davam edir. Azərbaycana apardığımız mübarizəyə verdiyi dəstəyə görə təşəkkür edirik”.
Kanak təmsilçisi Devi Nikolas Bolo hazırda əhalinin müstəmləkə repressiyasına qarşı səfərbər olduğunu qeyd edib: “Buranın ilk əhalisi olan kanaklar bu gün Fransa dövləti tərəfindən sıxışdırılır. Azərbaycanın müstəqillik və suverenlik uğrunda apardıqları mübarizədə kanak əhalisinin yanındadır. Bu dəstəyə görə Azərbaycana minnətdarlığımızı bildiririk”.
İki gün müxtəlif şüarlarla davam edən aksiyalarda Prezident İlham Əliyevin və “Dəmir yumruğun” fotolarının əks olunduğu plakatlar qaldırılıb, Azərbaycan və Yeni Kaledoniya bayraqları dalğalandırılıb, hətta bəzi aksiya iştirakçılarının əynindəki köynəklərin üzərində Azərbaycan və kanak bayraqları olub.
Son vaxtlarda keçirilən bütün etiraz aksiyalarında Azərbaycana minnətdarlıq əlaməti olaraq Yeni Kaledoniya bayraqları ilə yanaşı, Azərbaycan bayraqları da dalğalandırılır.