Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Zahid Oruc: "İlham Əliyevin çıxışı mühüm dövlətçilik hadisəsidir"
"İlham Əliyevin Prezidentin andiçmə mərasimində, eyni zamanda Milli Məclisin yeni çağırışda fəaliyyətə başlaması münasibətilə keçirilən iclaslarda çıxışları artıq mühüm bir siyasi ənənəyə çevrilib".
Bu sözləri Oxu.Az-a İlham Əliyevin VII çağırış Milli Məclisinin ilk iclasındakı nitqi barədə danışan millət vəkili Zahid Oruc deyib.
Millət vəkili ölkə başçısının parlamentdə çıxışını mühüm dövlətçilik hadisəsi adlandırıb.
"Bu ənənə həqiqətən ali icra hakimiyyəti və qanunverici orqan arasında münasibəti, bütövlükdə isə dövlət idarəetmə sisteminin vahidliyini ortaya qoyan mühüm bir hadisədir. Biz nə qədər bundan xilas olmaq istəsək də, ötən əsrin 90-cı illəri ilə paralellər aparmalı oluruq. Çünki məhək daşlarının nə vaxt qurulduğunu və dağıldığını görmək üçün bu misalları çəkməliyik. O dövr parlamenti özü boyda bir minaya çevrilmişdi. Bütün etnik separatizm hadisələri, silahlı qüvvələrin cəmləşməsi, canlı yayımlardan ölkəyə translyasiya olunan nifrin və qarşılıqlı ittihamlar formalaşmaqda olan dövlətçiliyə ən böyük zərbə idi. Ona görə də hər zaman parlamentlərin üzərində beynəlxalq təxribatçı dairələrin və güclü dövlətlərin maraqları olur.
Bu səbəbdən cənab Prezidentin yalnız 30 ildən sonra Milli Məclisin VII çağırışında ilk dəfə, bütün ölkədə suverenliyini bərpa etmiş müstəqil ölkənin başçısı kimi çıxış etməsi yalnız simvolik məna daşımır, eyni zamanda mühüm dövlətçilik hadisəsidir. Bu, ölkə başçısının çıxışında qabartmaq istədiyim birinci məqamdır.
Ayrıca, bunu çəkinmədən qeyd etmək istəyirəm ki, İkinci Qarabağ müharibəsində qələbəmiz, 44 günlük zəfər hərəkatımız, o cümlədən bir günlük antiterror tədbirlərinin nəticələri müstəqil, müxalif, yaxud hakim partiyanın təmsilçisi olmasından asılı olmayaraq, bu gün parlamentdəki hər bir qüvvənin uğur qazanmasına təsir edir. Yəni ölkəmizin və millətimizin həyatında əldə olunmuş bu nailiyyət iqtidara və müxalifətə baxmayaraq, hamının gündəliyini, proqram və platformasını dəyişib. Ötən əsrin 90-cı illərində bütün siyasi hərəkatlar və təşkilatlar məhz Qarabağ dalğasında meydana çıxmışdılar. İndi isə o gündəliyin yenilənməsi, proqramların dəyişdirilməsi, sıfırlanması və yeni milli ideyaların yazılması baş verir. Məncə, millətini, dövlətini sevən müxalif partiya, hətta uğur qazanmasa belə, bu nəticəni aktivinə qeyd edər və parlamentin bugünkü iclasında ölkə rəhbərinin çıxışını milli maraqlar konteksində təhlil edər".
Zahid Oruc İlham Əliyevin öz çıxışında dünyadakı xaos fonunda güclü dövlət quruculuğu xəttinin önəmini ifadə etdiyini bildirdi:
"Çıxışda bizim qeyd etməli olduğumuz ikinci məqam cənab Prezidentin qələbəyə qədər gələn yolu və son dörd ildə yaşadıqlarımızı sistemli şəkildə təqdim etməyə çalışması ilə bağlıdır. Bu, xüsusilə yeni millət vəkilləri üçün yeni bir dərsliyə, yaxud dərsə çevrildi. Bir çoxumuz, xüsusilə gənc yaşlarımızda, liberalizm, azad bazar münasibətləri, beynəlxalq əlaqələrin şəffaflığı, hesabatlılıq və s. kimi artıq bir neçə əsrdir dövriyyədə olan və əksər hallarda güclü dövlətlərin xarici siyasət maraqlarına uyğun olan ilğımlara çox inanırdıq. Hətta dövlət rəhbəri də prezidentliyinin ilk dövründə belə açıqlamalara və münasibətlərə inandığını bildirdi. Ancaq ölkə başçısı sonraki dövrdə bütün bunların onun gözündə əriyərək yalnız güclü dövlət modeli xətti ilə irəlilədiyini vurğuladı.
İlham Əliyev eyni zamanda İkinci Dünya Müharibəsindən sonra ilk dəfə beynəlxalq münasibətlər sisteminin bu dərəcədə iflasa uğradığını, yeni sistemin isə hələ yaranmadığını bildirdi. Biz tez-tez yeni dünya düzəni və s. haqqında eşidirik. Hardadır o yeni dünya düzəni? - Yoxdur. Tam əksinə, indi xaos var və bu vəziyyət 1961-1962-ci il Karib böhranı dövrünə bənzədilir. Amma özləri baxıb dünya Karib böhranı ilə müqayisədə nüvə müharibəsinə nə qədər yaxın olduğunu təsəvvür etsinlər. Fərqli bölgələrdə gedən müharibələrdə nüvə silahlarının, yaxud AES-lərin olduğu yerləri atəşə tutulmayacağına zəmanət yoxdur. Buna görə də ölkə rəhbərinin mövcud beynəlxalq təhlükəsizlik sistemindəki vəziyyət fonunda qələbəmizin önəmini vurğulaması çox vacibdir".
Millət vəkili Azərbaycanın qazandığı qələbənin bir sıra ölkələrin əsl simasını üzə çıxardığını dedi:
"Qələbəmiz bizə beynəlxalq simaların iki pərdəli olduğunu göstərdi. Bizim məğlubiyyətimiz onlara sərfəli idi, ona görə də öz mahiyyətlərini hansısa jarqon və terminlərlə gizlədirdilər. Amma qələbəmiz siyasətçilərə bəlli olanı həm də xalqa göstərdi. Axı biz Fransaya hücum etməmişik, Kanada ilə müharibə vəziyyətində deyilik. 235 min əhalisi olan Lüksemburq bütün dövlət strukturları ilə üzərimizə siyasi hücuma keçib. Bütün bunlar o deməkdir ki, bəlli mərkəzlərin planı ilə bu dövlətlər üzərimizə qaldırılır. Ona görə də qələbəmiz və beynəlxalq münasibətlər sisteminin tam açıq səhnəyə çıxmasını çıxışın mühüm məqamlarından biri kimi dəyərləndirirəm".
Cənab Prezidentin sərhəd məsələsi ilə bağlı sözlərindən bəhs edən millət vəkili bu məsələnin milli təhlükəsizlik baxımından xüsusi önəm kəsb etdiyini qeyd etdi:
"Digər bir məsələ sərhəd təhlükəsizliyi ilə bağlıdır. 500 kilometrdən artıq işğaldan azad edilən sərhədlər də daxil olmaqla, İran və Rusiya ilə sərhədlər məsələsinə ölkə rəhbərinin ayrıca toxunması və burada böyük işlərin görülməli olduğunu deməsi məsələnin necə mühüm əhəmiyyət kəsb etdiyini göstərir. Əlbəttə ki, insanlar sərhədlərin bağlı qalmasından yalnız gəlirlər deyil, həm də insani münasibətlər baxımından əziyyət çəkirlər. Rusiya-Ukrayna müharibəsi ilə bağlı böyük axınlarla və digər problemlərlə qarşılaşa bilərdik. İqtisadi və bir sıra digər çətinliklərlə üzləşsək də, dövlətimizin təhlükəsizliyi üçün quru sərhədlərinin bağlı qalması mühüm əhəmiyyət kəsb edir".
Zahid Oruc ölkə başçısının öz çıxışında Ermənistanın müxtəlif ölkələr tərəfindən silahlandırılması barədə fikirlərinə də toxundu:
"İlham Əliyev eyni zamanda Ermənistanın Qərb ölkələri tərəfindən silahlandırılmasına və ölkəmiz tərəfindən atılacaq addımlara öz çıxışında ayrıca yer verdi. Bu, Üçüncü Qarabağ, yaxud Üçüncü Ermənistan-Azərbaycan müharibəsi kimi anons edilməməlidir. Ümumiyyətlə, dünya çapında hərbi xərclərlə bağlı ixtisaslaşmış qurumlar sözügedən istiqamətdə xərclərin 200 milyard dollardan çox artdığını bildirirlər. Qafqazda sülh ideyası siyasi və ideoloji mənada vacibdir, yaxşı bir geosiyasi doktrinadır. Amma reallıqda biz Ermənistandan daha çox onların paltarını geyinib pasportunu götürüb üzərimizə gələnlərin olduğunu görürük. Yəni sanki İkinci Dünya Müharibəsindən sonra məğlublara "oraya getməyin, siz məğlub olmayıbsınız" deyirlər. Bu necə ola bilər? İndiki halda Ermənistana belə bir münasibət göstərilir. Onların yerinə "böyük Ermənistan"a çevrilən Fransa və başqaları çıxış edirlər. Dünən Ermənistan Fransanın yeni hökumətində iki erməni nazirin olduğuna sevinirdi. UNESCO-nun erməni olmayan sədri İrina Bokovanı vəzifəsindən uzaqlaşdırıb yerinə gələn Odri Azulay həmin erməni pulları ilə nəfəs alır və guya Azərbaycanın xristian irsini dağıtması barədə dünyaya car çəkir. İndi bu qurum humanitar, mədəni bir təşkilat olmaqdan çıxıb Yeliseyin bir parçası kimi hərəkət edir. Bunlar da açıq şəkildə görünür".
İlham Əliyevin ideoloji məsələlərlə bağlı fikirlərinə də münasibət bildirən millət vəkili bəzi təşkilatların böyük güclərin xarici siyasət alətinə çevrildiyini və gənclərlə bağlı bu sahədə görüləcək işlərin xüsusi əhəmiyyət daşıdığını bildirdi:
"Cənab Prezidentin ideoloji məsələlər üzərində dayanması da çox önəmlidir. Yuxarıda qeyd etdiyim məsələyə bir daha qayıtmaq istəyirəm. Hər bir dövlət vətəndaşlara daha böyük azadlıqların verildiyi, siyasi plüralizmin, partiyaların güclü bir rəqabətinin, o cümlədən vətəndaş haqlarının təminatı və s. olduğu şəraitdə münasibətləri qurmaq istəyər. Axı heç bir hökumət kimisə casusluğa və digər işlərə görə cəzalandırmağı istəməz. Yaxud kimlərsə üçüncü dövlətlərdən pulları gedib Gürcüstanda və ya başqa vasitələrlə alsınlar, sonra bu ölkədaxili qanunvericiliklə ziddiyyət təşkil etdiyinə görə həmin şəxslər həbs olunsun və sonra bunların da ətrafında çətir qurulsun. Nəticədə müxtəlif təşkilatlar ölkəni ən az inkişaf etmiş ölkələrlə bir tutub onun üzərinə getsinlər. Axı "Freedom House", "Amnesty International" kimi təşkilatlar qlobal siyasət üçün alət, müəyyən dövlətlərin vuran əlləridir. Məqsəd isə ölkənin qara obrazını yaradıb, sonra İraq, Əfqanıstan, Suriya kimi üzərinə işğalçı qoşunlarını göndərməkdir. Qərbin öz ideologiyasını yumşaq və sərt güc yolu ilə necə yaydığı hamıya məlumdur. Hollivud bir sıra məsələlərdə ABŞ Dövlət Departamentindən daha irəlidə gedir. Bu mədəni vasitələr də işğalın bir hissəsidir. Burada xüsusilə beyin işğalları gündəmdədir.
Ölkə rəhbəri gənclər məsələsinə Qarabağ Universitetində xüsusilə toxundu. Sonda bildirmək istəyirəm ki, Ali Baş Komandan ulu öndərlə birlikdə məğlubiyyət və torpaq işğalı ilə qəbul olunmuş ölkəmizi bu gün Qarabağla, Şuşa ilə, Xankəndi ilə birlikdə gələcəyə yalnız ordu, tanklar və dronlarla deyil, universitetlərlə daşıyır. İndi bizdən o gəncləri vətənpərvər ruhda formalaşdırmaq tələb olunur. Cənab Prezidentin çıxışını dinləyən hər bir parlament üzvü bu gün hətta ona səs verməyənlərin qarşısında belə hesabat verməli olduğunu dərk edərək, xalq üçün çalışmalı və uğurlu fəaliyyət göstərməlidir. Bütövlükdə götürüldükdə, Milli Məclisin istər elitasında, istər tərkibində aparılmış dəyişiklik xalqımızın həyatında özünü müsbət mənada göstərməlidir. Sahibə Qafarovanın da öz çıxışı zamanı ölkə başçısının çıxışı üzərindən bizə tövsiyələrini qeyd etməsi, müasir çağırışlarla bağlı sözləri bizdən gələcək üçün daha çox çalışmağı tələb edir. Çünki məğlubiyyət dövründə bizdən tələblər başqa idi, indi isə biz sanki xəritələrin bölüşdürüldüyünü, müəyyən yerlərdə hər zaman müharibələrin və qovğaların olmasının istənildiyini görürük. İlham Əliyevin sülh danışıqları ilə bağlı fikirlərindən çıxış edərək, Azərbaycan xalqı, dövləti və ordusu olaraq 44 günlük müharibə dövründəki atmosferi, münasibətləri gələcək dövrə daşımaq üçün parlament və məhkəmə sistemində də həmin proqramlarla nəfəs aldıqca daha güclü olacağıq və bir daha itkilərlə üzləşməyəcəyik".
Söhrab İsmayıl
"Milli Məclis" teqi üzrə xəbərlər
- Parlament yetkinlik yaşına çatmayanların işləri ilə bağlı əsasnaməyə dəyişikliyi qəbul edib
- Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək
- Parlament Azərbaycan diplomatları və ailə üzvləri üçün güzəştlərə "hə" dedi
- "Diplomatik xidmət haqqında" yeni qanun layihəsi son oxunuşda təsdiqlənib
- Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddi 30-a endirilir - Parlament TƏSDİQLƏDİ