Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Abşerondakı ulaq təsərrüfatı ilə bağlı məlumat yayıb.
AQTA-dan Oxu.Az-a verilən məlumata görə, son günlər bir sıra kütləvi informasiya vasitələri tərəfindən Abşeron rayonu ərazisində fəaliyyətə başlamış ulaq təsərrüfatı və ulaq südündən istifadə olunması müsbət bir yenilik kimi ictimaiyyətə təqdim olunur:
“Heç bir elmi əsaslara söykənmədən, həmin məhsullardan istifadə olunması istiqamətində əhali arasında təbliğat işləri həyata keçirilir. Məsələ ilə bağlı agentliyinin mütəxəssisləri sözügedən təsərrüfat sahəsinə baxış keçirib və məlum olub ki, həmin təsərrüfat subyekti qanunvericiliyi pozaraq, qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyətə başlayıb”.
“Qeyd olunan təsərrüfat subyekti bir neçə gün əvvəl məhsulların keyfiyyət göstəricilərini müəyyən etmək üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə nümunələr təqdim etmiş və nəticələrlə bağlı heç bir müvafiq sənəd olmadan məhsulun satışına başlayıb.
Qeyd olunanlar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun (maddə 7) kobud şəkildə pozulmasıdır və bununla bağlı, Agentlik tərəfindən həmin təsərrüfat subyektinin fəaliyyəti nəzarətə götürülüb, heyvanlardan qan və süd nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib”, - deyə məlumatda qeyd edilib.
Agentlik bəyan edir ki, heç bir elmi əsaslara, tədqiqat işlərinə, laborator müayinələrinin nəticələrinə istinad etmədən, ulaq südünün yüksək keyfiyyətə malik, müalicəvi məhsul kimi təqdim olunması yolverilməzdir və bu insanlar arasında çaşqınlığa gətirib çıxarır:
“Ümumiyyətlə, beynəlxalq təcrübədə bu tip yeni təsərrüfat sahələri fəaliyyətə başlamazdan, məhsullar istehlakçılara təqdim olunmazdan əvvəl, bu sahədə elmi-təcrübi işlər həyata keçirilir, məhsulun normativ-texniki sənədləri hazırlanıb təsdiq olunur, istehsalın standartları müəyyənləşdirilir və yalnız bundan sonra məhsulların istifadəsi haqqında müvafiq qərar qəbul olunur.
Hazırda ölkəmizdə ulaq südünün istifadəsi, müalicəvi əhəmiyyəti barədə heç bir normativ sənəd mövcud deyil. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeyd olunan təsərrüfat subyektinin fəaliyyəti ilə bağlı araşdırmalar davam etdirilir, aparılan araşdırmaların nəticəsi ilə bağlı məlumatlar ictimaiyyətə təqdim olunacaq”.
İlhamə Əbülfət
www.oxu.az
Rəylər