Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda bağırsaq törəmələrində yeni əməliyyat üsulu icra olundu
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) mütəxəssisləri artıq Kolorektal xəstəliklərin Minimal İnvaziv müalicəsində zəngin təcrübələri ilə tanınır və Azərbaycanda bu sahədə bir sıra yeniliklərə imza atıblar.
Təbii ki, rektum (düz bağırsaq) cərrahiyyəsinin ən müasir və inqilabi üsullarından hesab edilən TaTME əməliyyatı bu komandanın diqqətindən yayınmadı. Bu üsulun özəlliyi xüsusi cihazlar vasitəsilə mürəkkəb rektum əməliyyatının transanal yolla icra edilməsi, əməliyyatın daha etibarlı olması və kolostomaya ehtiyacın aradan qalxmasıdır.
Bir ildən artıq davam edən hazırlıq dönəmi nəticəsində, nəhayət ki, Azərbaycanda, həmçinin regionda ilk dəfə olaraq, TaTME əməliyyatı ümumi cərrah, uzman İlqar İsmayılov tərəfindən Respublika Müalicəvi Diaqnostika Mərkəzində uğurla icra olundu. 52 yaşında xəstə TaTME üsulu sayəsində aşağı yerləşimli düz bağırsaq törəməsindən azad olundu və funksiyaları bərpa olunaraq (kolostomi açılmadan) qısa müddətdə evinə göndərildi.
Düz bağırsaq törəmələrinin müalicəsində, orqan funksiyalarının qorunmasında üstünlükləri əvəzedilməz olan TaTME (TransAnal Total Mesorectal Excision) üsulunun tətbiqi üçün xüsusi avadanlıq və təcrübə tələb olunur və əməliyyat olunan insana xəstəliksiz və yüksək keyfiyyətli həyat şansı verir.
Düz bağırsaq törəmələrindən əziyyət çəkən vətəndaşlarımızın ən müasir və effektiv əməliyyat üsulundan yararlanmaq imkanı ilə yanaşı, ölkəmizin regionda cərrahiyyənin ən mürəkkəb sahələrində lider olması çox qürurverici haldır.
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin ümumi cərrahı, uzman İlqar İsmayılov uzun illərdir Laparoskopik Rektum Cərrahiyyəsində qazandığı təcrübə və uğurları ilə bərabər, ölkəmizdə bu sahədə imza atdığı bir neçə yenilikləri ilə də tanınıb.
Respublikamızda TaTME üsulunun icrasına başlamaq hədəfi ilə İlqar İsmayılov İspaniyanın Barselona şəhərində dünyaca məşhur Antonio Lacy Mərkəzində kursda iştirak edib və birbaşa əməliyyatın müəllifindən dərs almaq imkanından yararlanıb.
Rəylər