12 
Dek
2018
11:17
15
135
3007
Virtual karabakh

2018-ci ildə Azərbaycan təhsili necə yadda qaldı? - XRONİKA

12 Dek, 2018
11:17
3007

2018-ci ildə Azərbaycan təhsili necə yadda qaldı? - XRONİKA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin geridə qalmasına sayılı günlər qalıb. Bu ilin təhsil mənzərəsi necədir?

Gəlin, birlikdə bu il təhsil sahəsində baş verən hadisələrə nəzər salaq. 

Əlbəttə ki, təhsildə bu il ağlı-qaralı müxtəlif hadisələr qeyd alınıb. Yeni nazir, çıxarılan rektorlar, direktorlar, zorakılığına məruz qalan şagirdlər və başqa hadisələr baş verib.

Beləliklə, Oxu.Az təhsil ilinin yekunlarını təqdim edir: 

2018-ci ilin fevralın 9-da prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb. 

Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə əlaqədar Nazirlər Kabineti buraxılıb. 

İlham Əliyev prezident seçildikdən sonra Nazirlər Kabinetində köklü dəyişikliklər baş verib. Belə ki, İlham Əliyev “Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Beləliklə, aprelin 23-də Ceyhun Əziz oğlu Bayramov təhsil naziri təyin olunub.

Qeyd edək ki, 2017-ci ilin dekabrın 5-də təhsil naziri Mikayıl Cabbarov təhsil naziri postundan azad edilərək, vergilər naziri təyin olunub. Həmin müddətdən 2018-ci ilin aprel ayına kimi təhsil naziri postu boş qalmışdı. 

Ceyhun Bayramov təyinat aldıqdan sonra may ayında ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə əmr imzalayıb. Belə ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları təsdiq edilib.

Müəyyən edilib ki, peşə təhsili müəssisələrində ümumtəhsil fənləri üzrə vakant olan yerlərə müəllimlərin işə qəbulu bu əmr ilə təsdiq olunmuş Qaydalar əsasında mərkəzləşdirilmiş imtahanda iştirak edərək müvafiq keçid balı toplamış şəxslər sırasından Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müsahibə yolu ilə aparılır.

Əmrə əsasən, 2018-2019-cu tədris ilində vakant yerlərə müsabiqədənkənar qaydada müəllimləri işə qəbul etmək hüququ olan ümumi təhsil müəssisələrinin siyahısı təsdiq edilib.

Müəyyən olunub ki, siyahıda adları çəkilən müəssisələrə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi ilə razılaşdırmaqla həyata keçirilir.

Mayın 31-də İlham Əliyevin sərəncamı ilə Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.

İyunu təyinatlar ayı kimi də qeyd edə bilərik.

İyun 11-də isə İlham Əliyev Fərəh Şirməmməd qızı Əliyevanın Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Prezident başqa bir sərəncamla Fərəh Əliyevanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edib.

İyunun 12-də Təhsil Nazirliyinin təklifi ilə “Təhsil haqqında” Qanunun 21-ci maddəsinə 60-dan çox dəyişiklik edilib və iki yeni maddə əlavə olunub.

“Təhsil haqqında” Qanunda təhsil müəssisələrində psixoloji xidmətin təşkili, ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili, fənn olimpiadalarının qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu, pedaqoji fəaliyyətlə məşğul olma, dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması və digər məsələlərlə bağlı dəyişikliklər edilib.

İyunun 28-də  İlham Əliyevin müvafiq sərəncamı ilə Məhəbbət Məhərrəm qızı Vəliyeva təhsil naziri Ceyhun Bayramovun müavini vəzifəsinə təyin edilib. 

O, bunadək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. Hələ də BŞTİ-nin müdiri postu boşdur. 

İyul 30-da Azərbaycanda yeni rektor təyinatı olub. Belə ki, İlham Əliyev Ceyran Emin qızı Mahmudova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib. Avqustun 31-də isə İlham Əliyevin sərəncam ilə Elbrus Saleh oğlu İsayev Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsinə gətirilib.

2017-2018-ci ildə Bakıda 16 təhsil müəssisinin rəhbəri vəzifəsindən azad olunub. Həmin şəxslər işlərində yol verdikləri nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bir əməkdaşı, 16 təhsil müəssisəsinin rəhbəri, 20 direktor müavini, doqquz müəllim, bir kitabxana müdiri işindən azad edilib.

Bununla yanaşı, Bakı Şəhəri üzrə Təhsil idarəsinin iki əməkdaşı, 18 təhsil müəssisəsi rəhbəri, 32 direktor müavini, 54 müəllim, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmələrinin altı əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. BŞTİ-nin struktur bölmələrinin 30 əməkdaşı, 27 təhsil müəssisəsinin rəhbəri, 11 direktor müavini, 40 müəllimə xəbərdarlıq edilib. 

Təhsil sahəsində noyabrda da təyinat və işdən azad edilmələr olub.  

Noyabrın 15-də prezident İlham Əliyev Abel Məhərrəmovun vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. 

Abel Məhərrəmov 1999-cu ildən bu ilin noyabr ayına kimi BDU-nin rektoru işləyib. Sabiq rektor 19 illik fəaliyyətindən sonra bu postu tərk edib.

Noyabr 16-da isə İlham Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin işdən azad edilməsi barədə sərəncam imzalayıb.

Növbəti sərəncamla İdris İsayev təhsil naziri Ceyhun Bayramovun müavini vəzifəsinə təyin olunub.

İl ərzində təhsil sahəsi qalmaqallar da yaşanıb.

İlin ikinci ayına nəzər salsaq, deyə bilərik ki, qalmaqallı hadisələr bu aydan başlanıb.

Belə ki, 2018-ci ilin fevral ayında “Dolu” filmində rol alan aktyor Rza Rzayev Nizami rayonu 220 saylı məktəb-liseyin direktoru Tural Mirzəliyevlə (hazırda 175 nömrəli məktəbin direktorudur) mübahisə edib və ona qarşı təhqiramiz ifadələr işlədib. Buna aktyorun direktor müavini olan xanım qohumu Zeynəb Rzayevanın işdən çıxarılması səbəb göstərilib.

Baş verən hadisə daha sonra qalmaqala çevrilib. Bu ilin noyabr ayında aktyor qalmaqal yaşadığı məktəb direktorunu məhkəmə binasının qarşısında döyüb. Hazırda tərəflərın məhkəmə prosesi davam edir.

Fevral ayının 10-da Bakı şəhəri, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində zorlama faktı qeydə alınıb. Belə ki, Təhsil Kompleksində 11-ci sinif şagirdi 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. 

Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər bir müddət müzakirələrə səbəb olub. Təhsil Nazirliyinin məsələ ilə bağlı açıqlamasında bildirib ki, hadisə barədə müvafiq materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib. 

Fevralda başqa bir məktəbdə də qalmaqal yaşanıb. 

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 82 saylı orta məktəbin şagirdlərindən birinin valideyni polisə şikayət edərək bildirib ki, bu məktəbdə təhsil alan yeniyetmə qızının açıq-saçıq görüntüləri yayılıb. O, iddia edib ki, bunu qızının müəllimi edib.

Bu ilin may ayında Bakıdakı internat məktəblərindən birində zorlanma baş verməsi iddiası ilə hüquq-mühafizə orqanlarına şikayət edilib. Belə ki, valideyn Xəzər rayonunda yerləşən 8 nömrəli Sanatoriya tipli internat məktəbində qızı 17 yaşlı N.A.-nın döyüldüyünü və internatda yaşayan Ramin adlı şəxs tərəfindən zorlandığını bildirib.

Bakıda fəaliyyət göstərən bir çox bağçalarda da problemləryaşanıb. Belə ki, valideynlərdən biri “I-Kids” adlı bağçada onun övladına xəsarətlər yetirdiyini bildirib.

Bakıda fəaliyyət göstərən “Kids Studio” adlı bağçada da uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktları qeydə alınıb. Uşaqlara qarşı kobud davranan Firuzə Tağıyevaya Yasamal Rayon Məhkəməsində cinayət işi başlanılıb.

Araşdırma zamanı məlum olub ki, tərbiyəçi Firuzə Tağıyeva üç uşağa işgəncə verib.

Məhkəmənin qərarına əsasən, şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona bir il sınaq müddəti təyin olunmaqla, şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Bağçanın müdiri Nigar Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək. 

Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında körpənin xəsarət alması ilə bağlı xəbər də mediada geniş müzakirəyə səbəb olub. İşində göstərdiyi səhlənkarlığa görə bağçanın tərbiyəçisi İsmayılova Gülnarə Qəzənfər qızı və sanitar dayəsi Zeynalova Solmaz Hüseyn qızı işdən çıxarılıb, bağçanın müdiri Günay İsmayılovaya töhmət verilib.

Bakının 189-190 nömrəli tam orta məktəbində ibtidai sinif müəllimi Səyyarə Əliyeva birinci sinif şagirdini döyüb. Məktəbin Həmkarlar İttifaqı Komitəsində aparılan müzakirə, eləcə də, müəllimin özünün işdən azad olunma barədə ərizəsi nəzərə alınaraq, yekun qərar qəbul edilib və müəllim işdən çıxarılıb.

2018-ci ildə təhsil sahəsində qalmaqallar baş versə də, bir çox problemlər də həll olunub. Ümid edirik ki, 2019-cu ildə qalan problemlər də öz həllini tapar.

İlhamə Əbülfət
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri