Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Oğuzda tütün tədarükünə başlanıb - FOTO
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək və xidmətlərindən yararlanmış Oğuz rayonunun Sincan kəndində fəaliyyət göstərən tütün qurutma müəssisəsində ilk məhsul tədarükünə başlanılıb. Xarici investisiya əsasında qurulmuş müəssisədə tütünün becərilməsi, tədarükü və qurudulması müasir texnologiyalara uyğun olaraq həyata keçirilir.
Qeyd edək ki, KOBİA tərəfindən investora müəssisənin Oğuz rayonunda qurulması və fəaliyyətinin genişləndirilməsi, dövlət və özəl qurumlarla əlaqələndirmə, sahibkarlığa göstərilən dövlət dəstəyi mexanizmlərindən istifadə istqamətlərində dəstək və xidmətlər göstərilib. Müəssisəyə investisiya təşviqi sənədi də verilib ki, bu müəssisəni 7 il müddətinə mənfəət vergisinin 50%-dən, əmlak, torpaq vergilərindən, idxal olunan avadanlıq və qurğular üçün ƏDV-dən və gömrük rüsümlarından azad edir.
Müəssisəyə yaponiyalı investor tərəfindən 2,2 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. Hazırda müəssisədə 26 nəfər işlə təmin edilib.
Müəssisənin hazırda Qəbələ, Oğuz və Tovuz rayonlarında olan 210 hektar tütün təsərrüfatının növbəti illərdə Şəki, Zaqatala, Qax və Balakən rayonları da daxil olmaqla 900 hektara çatdırılması nəzərdə tutulur.
Xarici investor tərəfindən müəssisənin fəaliyyət göstərdiyi ərazilərdə tütünçü fermerlərin maarifləndirilməsi üçün KOBİA ilə birgə təlimlərin keçirilməsi də planlaşdırılır.
Tütün müəssisəsinə ilk məhsul tədarükü prosesində Qəbələ-Oğuz "KOB Dostu" ofisinin və Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri də iştirak ediblər. Müəssisənin fəaliyyəti və məhsul tədarükü prosesi ilə tanış olan könüllülər bu sahədə praktiki bacarıqlar əldə ediblər.
Rəylər