Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sülhməramlıların prioritet vəzifəsi üzə çıxdı: Ermənilərin üşüyən ayaqlarına qayğı...
Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ ərazisində tarixdə analoqu olmayan xidmət aparır desək yanılmarıq. Sülhün keşiyində durmaq üçün regiona göndərilən sülhməramlılar bəlkə də, bu qəbildən olan yeganə kontingentdir ki, sülhdən daha çox tərəflərdən birinin qulluğunda dayanır. Bu tərəfin hansı tərəf olduğunu anlamaq isə çətin deyil.
Erməni sevgisi başına bəla olan sülhməramlılar qısa vaxtda çox parlaq “işlərlə” yaddaşlarda qalmağı bacardı. Ermənilərin əşyalarını daşıyan kim, əkin-biçində özünü qabağa atan kim, badə qaldıran, lazım olanda yoxa çıxan kim... Belə kimsələr çox olsa da, çıxıb “mən burda tərəfsiz şəkildə sülhü qorumaq üçün varam” deyən bir nəfər də tapılmadı...
Missiyasını ermənilərə xidmətlə səhv salan sülhməramlılar bu dəfə “kuryer xidmətləri”nə daha birini əlavə ediblər. Belə ki, onlar indi də ermənilərin geyim-keçiminə diqqət ayırmağa başlayıblar. Bu istiqamətdə səmərəli iş görən sülhməramlılar ermənilər üçün yeni ayaqqabıları düz onların qapısına qədər gətirməyi özlərinə borc biliblər.
Qarşıdan qışın gəldiyini və Qarabağda bu mövsümün çox sərt keçdiyini nəzərə alsaq, bu faktı sülhməramlıların kövrək və saf ürəyindən gələn növbəti “jest” kimi qəbul etmək olar. Görünür hazırda onlar üçün Qarabağda ermənilərin üşüyən ayaqlarından daha vacib bir missiya yoxdur və bu “ali vəzifə” sülhməramlılar üçün hazırda prioritet təşkil edir.
Söz yox ki, Azərbaycan dövləti humanizmi dəstəkləyən, hər zaman humanizm prinsiplərini rəhbər tutan bir dövlətdir. Ancaq sülhməramlıların “əməyi”nə qiymət verərkən, necə deyərlər, malı-mala qatmamaq lazımdır. Hazırda onların gördüyü işlərə sadəlövhcəsinə humanizm prizmasından yanaşmaq düzgün deyil.
Necə ki, bir həkimdən yemək bişirmək, aşbazdan mahnı oxumaq, müğənnidən resept yazmaq tələb olunmursa, sülhməramlılarla da bağlı vəziyyət məhz bunu xatırladır. Onlardan tələb olunan ermənilərə kuryerlik edib kənd təsərrüfatında, ailə-məişət qayğılarında onlara yardım etmək deyil. Rusiya sülhməramlılarının vəzifəsi və səlahiyyətləri konkretdir, birmənalı olaraq təxribatların qarşısını almaq, sülh prosesinə əngəl ola biləcək addımların qarşısını almaq!
Bütün bunları bir kənara atıb ermənilərin hər işinin arxasınca qaçıb, onların qarşısında qul kimi çalışmaq nə sülhməramlının vəzifəsidir, nə də öhdəliyi.
Ancaq sülhməramlılar bunu belə özünə rəva görürsə, haqlı olaraq deyə bilərik ki, “kino qabaqdadır”. Üstəlik hər dəfə bundan daha utancverici bir hadisə ola bilməz dedikcə, sülhməramlılar növbəti “sənət əsəri”nə imza atırlar. Heyrətverici olsa da, Rusiya sülhməramlıları bütün bunlardan dərs çıxarmır.
Onlar üçün ermənilərin üşüyən ayaqlarını mühafizə etmək sülhü qorumaqdan daha asan gəlir. Yoxsa qapı-qapı gəzib ermənilərə ayaqqabı paylamaq üçün bu qədər həvəsli olmazdılar.
Məqsəd və düşüncə nə olur-olsun sülhməramlıların bu əməli həm də bizim üçün bir növ etiraf xarakteri daşıyır. Onlar açıq-aşkar öhdələrinə götürdükləri işi yerinə yetirə bilmədiklərini, məhz buna görə digər işlərlə gündəmə gəldiklərini bildirirlər.
Eyni zamanda bununla necə “qoçaq” olduqlarını da ortaya qoyurlar. Təxribat olanda isti postlarında sakitcə mürgüləyən, gündüzlər əkin-biçinlə məşğul olan ermənilərə baxıb xumarlanan sülhməramlılar bu enerjini bir yolla çıxarmalıdır ya yox? Odur ki, bu qoçaqlar üçün enerjini ən “səmərəli” şəkildə istifadə yolu məhz ermənilərin qulluğunda dayanmaqdır.
Ancaq sülhməramlılar bir ali həqiqəti unutmamalıdır, onlar bizim torpağımızda müvəqqəti olaraq yerləşiblər. Üstəlik ermənilərə qulluq etmək üçün Azərbaycan torpaqları heç də uğurlu seçim deyil. Bunun üçün Ermənistan ərazisində istənilən yeri özlərinə məskən seçib, orada təsərrüfatla da məşğul ola bilərlər, kuryerlik də edərlər, lap hamballıq da...
Qarabağda isə onların öhdəliyi sadəcə sülh qorumaq, təxribatlara qarşı durmaqdır. Yoxsa bir insanın ayağının üşüməsi, əlbəttə, bəşəriyyət üçün də problemdir. Ancaq o ayaqlara ayaqqabı daşımaq qətiyyən sülhməramlı missiyanın tərkib hissəsi ola bilməz. Sülhməramlılar tarixdə özlərindən bir iz qoymaq istəyirlərsə qoy sülhün keşiyini çəkib, bu yolda canfəşanlıq etsinlər. Yoxsa ermənilər üçün qucaqlarında daşıdıqları ayaqqabıların qoyduğu izlərlə kifayətlənməli olacaqlar. Həmin izlər isə tarixdə deyil, sadəcə palçıqda qalacaqlar...
Orxan Tağıyev
"Ermənistan" teqi üzrə xəbərlər
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"