Bir müddət əvvəl Gürcüstanda gözündə və hülqumunda 33 kq ağırlığında olan daş qaldıraraq dünya rekordu qıran qubalı pəhləvan Laçın Abdulhüseynov daha bir rekorda imza atıb.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, pəhləvan bu dəfə 2 ədəd “VAZ 2107” markalı avtomobili gözlərinə keçirdiyi qarmaqlar vasitəsi ilə 10 metr dartıb.
Bu isə 2200 kq yük deməkdir. Bu nominasiya üzrə dünya rekordu isə 350 kq-dır.
Rekordu təsdiqlətmək üçün o, tezliklə Almaniyaya yollanacaq. Pəhləvan orada ümumilikdə 9 nominasiyada rekord qırmaq fikrindədir.
Dünya rekordu qıran pəhləvanın maddi cəhətdən problemləri var. Onun Almaniyaya getmək üçün dəstəyə ehtiyacı var. Yerli qurumlardan heç bir maddi dəstək görməyən idmançının ümidi imkanlı şəxslərədir.
Qeyd edək ki, Laçın məşhur pəhləvan Əli Abdulhüseynovun oğludur. Laçının məşqçisi və qardaşı Hüseyn Pəhləvanoğlu da hazırda dünya rekordu qırmaq niyyətindədir. O, boğaz boşluğunda 2 ədəd avtomobil dartmaqla yeni dünya rekordu müəyyənləşdirmək istəyir.
E.Ə.
www.oxu.az