Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Azərsu” əməkdaşı iş başında DÖYÜLDÜ
“Azərsu” ASC-nin “Bağlar Sukanal” İdarəsinin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən abonentin fiziki təzyiqi ilə üzləşib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Oxu.Az-a verilən məlumata əsasən, “Bağlar Sukanal” İdarəsinin xidməti ərazisində olan “Saray-H” MTK-ya məxsus evin 45-ci mənzilində yaşayan abonentin içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə yığılmış 679,93 manat borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, abonent borcu ödəməkdən imtina edib.
“Sudan İstifadə Qaydaları”nın tələblərinə əsasən 7 fevral 2022-ci il tarixində iş əmri yaradılıb və mənzilin su təchizatı dayandırılıb. Buna baxmayaraq, vətəndaş su xəttini özbaşına şəbəkəyə qoşub.
8 fevral 2022-ci il tarixində “Bağlar Sukanal” İdarəsinin əməkdaşı İsazadə Allahşükür Həsrət oğlu həmin ünvana yaxınlaşaraq abonentə borcun ödənilməsinin vacibliyini izah edib. Lakin abonent “Azərsu” ASC-nin əməkdaşı ilə aqressiv davranaraq ona fiziki təzyiq göstərib. Abonent “Azərsu” ASC-nin əməkdaşını yumruqla vuraraq xəsarət yetirib.
Baş vermiş hadisə “Bağlar Sukanal” İdarəsinin əməkdaşları tərəfindən aktlaşdırılıb, A.İsazadə tibbi ekspertizadan keçirilib və faktın araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinə müraciət olunub.
Rəylər