Pərviz Heydərov yazır...
Əmək pensiyalarının sığorta hissəsinin keçən ilin ərzində ölkə üzrə orta aylıq nominal əməkhaqqının qeydə alınan illik artım tempinə uyğun olaraq 2022-ci il yanvarın 1-dən indeksləşdirilməsi haqqında sərəncam verildi. Pensiyalar növbəti dəfə artırıldı. Bundan əvvəl əmək pensiyalarının minimum məbləği 200 manatdan 240 manata yüksəldilmişdi.
Ölkədə son illərdə həyata keçirilən islahatlar çərçivəsində sığorta-pensiya mexanizminin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər xüsusən diqqətəlayiqdir. Çünki bu, çox böyük əhəmiyyət kəsb edir.
Lakin təkmilləşdirmə işləri ardıcıl aparılmalı, fasiləsiz həyata keçirilməlidir. Bu zaman başlıca hədəf isə pensiya təminatı məsələsində maliyyələşdirmə yükünü dövlətin üzərindən tədricən vətəndaşların çiyinlərinə transfer etməkdir.
Çünki gələcəkdə sistemdə stabillik əldə etməyin və bütün növ müvafiq risklərdən kənarda qalmağın yeganə yolu məhz bundan keçir. Başqa sözlə, pensiya təminatı işində dövlətin maliyyə imkanlarından asılılıq sıfıra enməlidir.
Bu, səmərəlilik baxımından olduqca vacib sayılır.
Lakin vətəndaşın da gələcəkdə öz pensiya təminatını özünün təmin edə bilməsi üçün müvafiq şərait olmalı və bu, tədricən formalaşdırılmalıdır.
Sözügedən məsələ isə heç də asan deyil. Yəni, vətəndaş işlədiyi müddətdə gərək, kifayət qədər məvacib alsın ki, ayda ondan ödədiyi məcburi dövlət sosial sığorta haqqı məbləği hesabına toplanan sığorta pensiya kapitalı sayəsində gələcəkdə yaxşı pensiya ala bilsin.
Əks təqdirdə, bu, mümkün deyil.
Misal üçün cari ilin yanvarın 1-dən minimum pensiya məbləğinin 240 manat edilməsi ilə əlaqədar ölkədə 2022-ci il üzrə pensiya kapitalının minimum məbləği də artıb. Hazırda minimum pensiya kapitalı yanvarın 1-dən 34 560 manat təşkil edir. Bundan əvvəl 28 800 manat idi.
Qeyd edək ki, qanunvericiliyə əsasən, pensiya yaşına çatmış şəxs pensiya hüququna malik olmaq üçün ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya kapitalına və yaxud da azı 25 il sığorta stajına sahib olmalıdır.
Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı 240 manatın (ölkə üzrə minimum pensiya məbləğini) 144-ə vurulması ilə müəyyən edilir. Əgər həmin qədər pensiya kapitalı yoxdursa, o zaman azı 25 il sığorta stajı əsas götürülür.
Düzdür, 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərin avtomatik olaraq 25 il sosial sığorta stajı hədiyyə əldə etmək və əmək pensiyası hüququ qazanmaq imkanları da vardır.
Pensiya yaşına çatan, lakin bu sahədə heç bir hüquqa malik olmayan şəxslər də dövlətin sosial sığorta və təminat siyasəti mexanizmindən yararlanırlar. Belə ki, 2020-ci ildən yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirildiyindən pensiya yaşına çatıb, pensiya hüququ olmayan şəxslərə yaşa görə ayda 180 manat müavinət ödənilir.
Sual yaranır ki, vətəndaş 34 560 manat minimum pensiya kapitalını toplamaq üçün neçə il işləməlidir? Və yaxud, ölkədə minimum pensiya məbləği hər dəfə artırılarkən pensiya hüququna sahib olmaq imkanı məhdudlaşmır ki?
Sığorta-pensiya mexanizmində səmərəliliyi genişləndirməkdə diqqətə alınması vacib sayılan və ən çox çətinlik törədən məsələ elə budur. Başqa sözlə, minimum pensiya məbləği artan zaman buna sevinənlər olduğu kimi, zəruri pensiya kapitalı məbləği uğrunda çarpışan vətəndaşlar da bundan zərər çəkməməli və analoji hissi yaşamalıdırlar. Yəni, bunlar uzlaşmalıdır.
Lakin yuxarıda qeyd etdiyim kimi, pensiya təminatına imkan verən pensiya kapitalı 240 manatın, yəni ölkə üzrə minimum pensiya məbləğinin 144-ə vurulması ilə müəyyən edilir ki, bu da 12 il deməkdir.
Məcburi dövlət sosial sığorta haqqının əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edildiyini, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənildiyini nəzərə alsaq, ölkədə işçinin ardıcıl olaraq 12 il ərzində hər ay 240 manat vəsait köçürmək iqtidarında olduğunu izah etməyə ehtiyac yoxdur.
Bunun üçün isə ya maaşlar kifayət qədər yüksək məbləğdə təşkil edilməli və yaxud da məcburi dövlət sosial sığorta ayırmaları dərəcələri artırılmalıdır.
Maaşları necə gəldi artırmaq isə mümkün deyil. Çünki yüksək aylıq qazanc yüksək gəlirli iqtisadiyyat tələb edir. Bu baxımdan, 2019-cu ildə Vergi Məcəlləsinə 300-ə yaxın dəyişikliklər edilərək vergi və məcburi dövlət sosial ayırma məbləğlərinin toplanması mexanizmində yeni qaydaların təsbit olunaraq ödəniş dərəcələri tavanının qaldırılması islahatını xatırlamaq yerinə düşər.
Nəticədə sosial sığorta daxilolmaları əhəmiyyətli dərəcədə artdı. Belə ki, statistikaya diqqət yetirsək, qeyd olunan göstərici üzrə mədaxil 2017-ci ildə 2.1 milyard manat, 2018-ci ildə 2.3 milyard manat, 2019-cu ildə 2.9 milyard manat, 2020-ci ildə 3.5 milyard manat, 2021-ci ildə isə 3.8 milyard manat təşkil edib. Və qeyd olunan illər ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 84,3 faiz və yaxud 1.7 milyard manat artım baş verib.
Yeri gəlmişkən, keçən il daxilolmaların 63,5 faizi və ya 2.4 milyard manatı özəl sektorun payına düşüb. Bu da 2017-ci ilə nisbətən 1.1 milyard manat və ya 82,5 faiz çox deməkdir.
Vergi və məcburi dövlət sosial ayırma məbləğləri üzrə islahatın və xüsusən də mexanizmdə dəyişikliklərin səmərəsi buradan aydın görünür.
Ancaq əlavə olaraq, əməkhaqqıları da artırıldı, məşğulluq genişləndi, əmək müqavilələri və yaxud münasibətləri xeyli dərəcədə leqallaşdırıldı.
Ölkədə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda son illər ərzində qeydə alınan ciddi artım məhz bu səbəblərdən baş verib. Ona görə də 2019-cu ildəki dəyişikliklərə və islahatlaradək yazmışdım ki, məcburi dövlət sosial sığorta ödənişi üzrə mövcud mexanizmdə işçi ilə işəgötürən arasında pay nisbətinin ədalətli şəkildə təmini üçün, fiziki şəxslərdən gəlir vergisi üzrə dəyişikliklər həyata keçirilməlidir.
Belə ki, əvvəlki 3+22 faiz nisbəti üzrə məcburi dövlət sosial sığorta ayırması mexanizmdə işçinin üzərinə düşən ödəniş faizi artırılmaqla işəgötürənin payı azaldılmalı və həm də gəlirlər yəni, maaşlar yüksəldilməlidir.
Ümumiyyətlə, fiziki şəxslərdən gəlir vergisi qaydasının üzərinə getmədən sosial sığorta ödəmə mexanizmini dəyişmək qeyri-mümkün sayılırdı və bu əslində, aşağı əməkhaqqı səviyyəsi şəraitində aksiom hesab edilir.
Bir sözlə, ölkədə sığorta-pensiya mexanizmində islahatlar göz önündədir və bunun davamlı xarakter daşıdığı da danılmaz xarakter daşıyır.
İqtisadiyyat inkişaf etdikcə və artım daha çox dayanıqlığa söykəndikcə, pensiya hüququnun təsbiti və vaxtında, o cümlədən layiqli pensiya məbləğinin əldə olunması hər bir vətəndaş üçün əlçatan olacaq.