İyl
2022
14:18
51
459
4984
Virtual karabakh

Payıza doğru karantin sərtləşdirilə bilər: Həkimdən xəbərdarlıq - FOTO

2 İyl, 2022
14:18
4984

Payıza doğru karantin sərtləşdirilə bilər: Həkimdən xəbərdarlıq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus pandemiyası bitməmiş meymunçiçəyi virusu bütün dünyanı təhdid etməyə başlayıb. Artıq 40-dan çox ölkədə meymunçiçəyinə 4 500-ə yaxın yoluxma halı aşkar edilib. Xüsusilə də Avropa ölkələrində bu xəstəlik sürətlə yayılır.

Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmasa da, virus bir addımlığımıza çatıb. Belə ki, qonşu Türkiyə və Gürcüstanda infeksiyanın peyda olması Azərbaycanı da qabaqlayıcı tədbirlər görməyə vadar edir.

İlk addım olaraq, Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol hazırlayıb. Sənəddə xəstəlikdən qorunma yolları, müalicə qaydaları və digər məqamlar yer alıb. Eyni zamanda yaxın günlər ərzində ölkəmizə meymunçiçəyi virusunu müəyyən etmək üçün testlərin gətirilməsinə qərar verilib.

Təhlükənin bizə yaxınlaşdığını nəzərə alsaq, daha hansı qabaqlayıcı tədbirlərin görüləcəyi sual doğurur.

Bununla bağlı Modern.az-a danışan tibb üzrə elmlər doktoru, tanınmış həkim Adil Qeybulla bildirib ki, meymunçiçəyinə qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri əsas götürülməlidir.

“Xüsusilə xəstəliyin diaqnostikası istiqamətində unifikasiya olunmuş metodlardan istifadə olunmalıdır. Ya testlər, ya da başqa müayinə üsullarından mütləq istifadə olunmalıdır. Ümumiyyətlə, epidemioloji vəziyyətə uyğun olaraq, insanların yenidən vaksinasiyası üçün hazırlıqlar görülməlidir. Məlumdur ki, meymunçiçəyi virusu vaksinə qarşı həssaslıq göstərir”.

Həkim həmçinin vurğulayıb ki, hazırda həm qonşu ölkələrdə, həm də Azərbaycanda koronavirusa yoluxma halları artır. Bu isə ondan xəbər verir ki, epidemioloji vəziyyət hər an pisləşə bilər.

“Payıza doğru karantin qaydaları sərtləşdirilə bilər. Bu, birmənalı proqnoz olmasa da, hər halda ehtimal olunan situasiyadır. Ona görə də hesab edirəm ki, bizdə xəstəlik yoxdur deyə arxayın otura bilmərik”, - A.Qeybulla bildirib.

Onun fikrincə, xəstəliklə mübarizə tədbirləri çərçivəsində müəyyən təbliğat işləri görülməlidir:

“Əhalinin maarifləndirilməsi işi sürətlə aparılmalıdır. İkincisi, meymunçiçəyi virusunun kontakt vasitəsilə keçdiyini nəzərə alıb, təmasların məhdudlaşdırılması həyata keçirilməlidir. Hər halda virusun profilaktikası, yoluxmanın önlənməsi ilə bağlı ÜST-ün tövsiyələri əsasında təbliğat işi qurulmalıdır. Biz bunu KİV-lərdə görmürük. İlk növbədə elə etmək lazımdır ki, əhali məlumatlı və ehtiyatlı olsun”.

Qeyd edək ki, son günlər Azərbaycanda koronavirusa yoluxma sayında nisbətən artım müşahidə edilir. Səhiyyə naziri Teymur Musayev ötən gün jurnalistlərə açıqlamasında yoluxma sayının artmasına aydınlıq gətirib.

“Yay mövsümü olduğundan insanlar daha çox kütləvi tədbirlərə üz tuturlar. Bu səbəbdən koronavirusa yoluxma saylarında nisbətən artım qeydə alınır”, - nazir deyib. 

T.Musayev onu da qeyd edib ki, ümumilikdə ölkədə epidemioloji vəziyyət sabitdir:

“Ağırlaşmalar, demək olar ki, yoxdur. Hospitalizasiya olunanların sayı çox azdır. Hesab edirik ki, epidemioloji vəziyyət tam nəzarətdədir. Təbii ki, hər hansı bir sıçrayış olsa, uyğun şəkildə müvafiq addımlar atılacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri