Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İnfeksionistdən əhaliyə maskalarla bağlı ÇAĞIRIŞ - FOTO
Ötən gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus bütün dünyada insanları yenidən maska taxmağa və koronavirusa qarşı peyvənd olunmağa çağırıb.
O qeyd edib ki, bir neçə həftədir ki, bir çox ölkələrdə koronavirus və qripin səbəb olduğu respirator xəstəliklərin sayı artmaqdadır. Bu artımın son bayramlardan sonra da davam edəcəyi gözlənilir.
Aydın məsələdir ki, Yeni il ilə bağlı əhali arasında xarici ölkələrə üz tutanlar da çox oldu. İndi xaricə gedən soydaşlarımızın qayıtması, eləcə də ölkəyə turist axını ölkəmizdə koronavirusun yeni ştammlarının alovlanmasına səbəb ola bilər? Yenidən pandemiya vəziyyəti yarana bilərmi?
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, az sayda olsa da, Azərbaycanda koronavirusa yoluxma halları müşahidə edilir:
“Ənənəvi olaraq hər il qış mövsümündə hava-damcı üsulu ilə yayılan infeksiyalara - mövsümi qrip, kəskin respirator virus infeksiyalarına yoluxma hallarının sayında artımlar müşahidə edilir. Həmçinin, az sayda olsa da, Azərbaycanda koronavirusa yoluxma halları müşahidə edilir. COVID-19-un ABŞ-də qeydə alınan yeni ştammının Azərbaycanda yayılması haqqında heç bir məlumat yoxdur. Dünya statistikasına baxsaq, görərik ki, ABŞ və bir sıra Avropa Birliyi ölkələrində COVID-19-a yoluxma hallarında artımlar qeyd edilir. Buna baxmayaraq, həmin infeksiyadan ölüm hallarının sayında isə əksinə azalmalar var.
Qeyd olunanları nəzərə alaraq, üzümüzə gələn aylarda əhalini daha da diqqətli olmağa çağırırıq. Respirator xəstəlik əlamətləri olan şəxslər mümkün qədər özlərini təcrid etməli, əhalinin sıx toplaşdığı yerlərdən uzaq durmalı, xüsusən də ictimai nəqliyyatda maskadan istifadə etməlidirlər. Nəzərə almaq lazımdır ki, bu cür tədbirlər universal olmaqla təkcə koronavirusdan deyil, o cümlədən qrip, digər kəskin respirator virus infeksiyalardan da qorunmağa kömək edir. Ümumilikdə ölkədə epidemioloji durum stabildir və narahatlığa əsas yoxdur”.
Könül Cəfərli
Rəylər