23 
Avq
2022
11:00
97
33
6908
Virtual karabakh

“On minə Allah xeyir versin” - Alman düşüncəli adamların Bakı bazarından ala biləcəyi maşınlar - REPORTAJ+FOTO

23 Avq, 2022
11:00
6908

“On minə Allah xeyir versin” - Alman düşüncəli adamların Bakı bazarından ala biləcəyi maşınlar - REPORTAJ+FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gəl, ay müştəri, ucuz və az sərfiyyatlı maşına gəl” çağırışları altında Badamdarda yerləşən maşın bazarına daxil olur və ucsuz-bucaqsız maşın bazarında görməyə öyrəşmədiyimiz izdihamla qarşılaşırıq. Bu bizə bir qədər təəccüblü görünür, çünki həmişə indi bazarda görünən mənzərənin əksi müşahidə olunub. Bu gün isə bir qədər fərqlidir.

Oxu.Az maşın bazarından hazırladığı reportajı təqdim edir:

Yuxarıda da qeyd etdiyimiz kimi, havanın isti olmasına baxmayaraq, bazarda canlanma müşahidə olunur. Demək olar ki, istənilən markalı avtomobillərə rast gəlmək mümkündür. Lakin üstünlüyü daha çox “Toyota”, “Opel”, KIA və eyni zamanda 1,3-1,4 mühərrikli avtomobillər təşkil edir. Bazarlar müştərilərin tələbatına görə şəkillənir və görünür, yanacağın qiyməti bura da təsirsiz ötüşməyib. Yəni satışda ekonom avtomobillər üstünlük təşkil edirsə, deməli, avtomobil almaq istəyən vətəndaşların da tələbləri bu yöndədir.

Ümumi vəziyyəti müşahidə etmək üçün bir qədər də gəzməyə, müşahidələr aparmağa başlayır, həmçinin bazardakı vəziyyətlə bağlı bir qədər məlumat ala bilmək üçün alıcı və satıcılarla həmsöhbət oluruq.

Satıcılardan Vəli Rəhimov deyir ki, yaxın tanışlarından biri ona avtomobili dəyişmək üçün müraciət edib və deyib ki, dizel mühərrikli avtomobil almaq istəyir:

“Səbəbi isə həddindən artıq benzin sərfiyyatının büdcəsinə mənfi təsir etməsidir”.

V.Rəhimov əlavə edib ki, bir çox insan bu cür müraciətlə ona yaxınlaşıb:

“Artıq alıcılar böyük mühərrikli avtomobillərdən qaçırlar. Bu gün ən çox tələbat olan avtomobillərə misal olaraq “Toyota Corolla”, “KIA Rio” “Opel Astra” kimi avtomobil markalarını göstərə bilərəm. Keçən bazar iki maşın satmışam, ikisi də ekonomdur. Bu gün 100 min manatlıq avtomobil sürən insanın avtomobili qarajda qalıb, taksidən istifadə edir. Buna səbəb həm yoldakı tıxac problemi, həm də yanacağın qiymətidir”.

Başqa bir satıcı Adil Əliyev deyir ki, əvvəllər Almaniyaya səfərə gedəndə orada daha çox 1,3-1,4-1,6 mühərrikli avtomobillərə rast gəlirdilər, ölkəyə satmaq üçün isə 5 mühərrikli avtomobillər gətirilirdi:

“Bu hal bizə gülməli gəlirdi, onlardan səbəbini soruşanda bildirirdilər ki, həm vergiyə, həm də yanacağa qənaət məqsədilə daha az sərfiyyatlı avtomobillərə üstünlük verirlər. Artıq alman fikirli insanlar bizim cəmiyyətdə də formalaşırlar”.

O, bazarda daha çox ekonom avtomobillərin satılmasının digər səbəbini bu cür açıqlayır:

“Bazarda ekonom avtomobillərin üstünlük təşkil etməsinin digər səbəbi taksi şirkətlərinin bu cür avtomobillərə üstünlük verməsidir. Həmin avtomobillər yanacağa qənaət etdiyi üçün daha əlverişlidir”.

Nəqliyyatın “qənim”inə çevrilən “Prius”larla bağlı danışan satıcı bu avtomobilləri “ölüm mühərriki” adlandırır.

Bir çox satıcı eyni fikirdədir ki, iki aya yaxın bazarda durğunluq olub. Lakin indi bir qədər canlanıb, alıcılar çoxalıb. Buna bir səbəb də dövlət tərəfindən əhalinin müəyyən qisminə verilən müavinətlərdir. 

Avtomobili “kəbinli xanım”a bənzədən alıcılardan biri deyir ki, hazırda həm az sərfiyyatlı, həm ehtiyat hissələri ucuz, həm də zədəsi olmayan avtomobil axtarışındadır:

“Bunun üçün bir qədər də gəzməliyəm. Seçim çoxdur, yəqin ki, bu gün istədiyim avtomobili tapacam”.

Qeyd edək ki, bazarda 2005-ci ildən sonra istehsal edilən benzinlə işləyən kiçik mühərrikli avtomobillərin qiyməti 6-7 min manatla 15 min manat, dizellə işləyən kiçik mühərrikli avtomobillərin qiyməti 10,500 manatla 17 min manat arasındadır. Lüks sedanların qiymətləri də yenə ilinə və maşının xarakterik interyeri, eksteryerinə görə fərqlilik göstərir, 20-21 min manatla 60-70 min manat, SUV-lərin (yolsuzluq avtomobili) qiyməti isə 30 min manatla 100 min manat arasında dəyişir.

Daha çox şəkil burada: Photostock.az

Aysel Aslanqızı

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri