Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Özəl Özal müəllimlə dərsdə: “Yoluna qoydum, nə direktor bildi, nə valideynlər” - REPORTAJ + FOTO
Məktəblərlə bağlı son dönəmlərdə neqativ hallara çox rast gəlinir. Lakin yaxşı hər zaman, hər yerdə var. Yetər ki, onu görmək istəyəsən. Elə bu gün sizə bəhs edəcəyim müəllim və şagirdləri kimi.
Söhbət son zamanlar sosial şəbəkələrdə haqqında danışılan cəsarətli, mərd, görmə məhdudiyyətli tarix müəllimi Muradov Özal Arif oğlundan gedir.
Oxu.Az-ın əməkdaşı paytaxtın 45 nömrəli tam orta məktəbində çalışan müəllimi ziyarət edib və bir dərs gününü onunla keçirib.
Əvvəlcə onu deyim ki, Özal Arifoğlu (Muradov) 1994-cü il sentyabrın 23-də Bakıda anadan olub. 2001-ci ildə 5 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbdə oxuyub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix müəllimliyi fakültəsinə daxil olub. 2017-ci ildə Sumqayıt Dövlət Universitetində Avropa və Amerika ölkələrinin yeni və ən yeni dövr tarixi üzrə magistratura pilləsinə daxil olub. Eyni zamanda Özal müəllim burada 2019-cu ildə “Ərəb baharı” və Qərb diplomatiyası” mövzusunda dissertasiya müdafiə edib. Ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirib. Lerikin Zenoni kənd məktəbində dərs deyib. MİQ ilə imtahan verdikdən sonra ölkə üzrə müəllimlər arasında ən yüksək balı toplayıb və artıq Bakıda tarix fənnindən dərs deyir.
Özalın atası Qubadlının Dondarlı kəndindən, anası isə Qərbi Azərbaycandandır. Anası uşaq həkimidir, atası isə ticarətlə məşğul olur. Özal dörd yaşında olanda suçiçəyinə yoluxub. Xəstəlik səbəbindən səhhətində problem yaşayıb və təəssüf ki, gözləri tutulub.
Özal müəllim deyir ki, suçiçəyi xəstəliyindən bu cür vəziyyətə milyonda bir rast gəlinir, o şanssız təsadüf də ona qismət olub.
Görünən odur ki, elm, öyrənmək istəyi əngəl tanımır.
8 “b” sinfinin qarşısındayıq. Özal müəllim və şagirdlər bizi gözləyirlər. Dərs başlayır.
Özal müəllimin şagirdlərə, dərsə yanaşması digər həmkarlarından fərqlənir.
Müəllimin şagirdlərlə ünsiyyəti, dərs prosesi o qədər maraqlıdır ki, uşaqlar dərsi bir nəfər kimi maraqla dinləyirlər.
Şagirdlərin sevimli müəllimi deyir ki, ən yaxşı oxuyan siniflərindən biri elə 8 “b”dir:
“Mən dərs zamanı uşaqlara fərd olaraq yanaşıram. Dərsi qorxaraq deyil, sevərək oxumaları üçün çalışıram. Tarix fənni çətindir. Onu sevməsən, heç vaxt öyrənə bilməzsən. Biz ənənəvi təhsil almışıq, müəllim danışırdı, biz də gedib evdə oxuyurduq. Amma mən çalışıram uşaqlara dərsi maraqlı metodlarla izah edim ki, yadlarında qalsın. Həyat insana bir dəfə verilir. Hər şeyi zamanında etməlisən ki, bəhrəsini görəsən. Nə olursa-olsun, nə baş verirsə-versin, məğlub olmaq, yorulub yolun yarısında dayanmaq olmaz”.
Müəllim uşaqlara dərsləri simulyasiya metodu ilə izah etdiyini deyir:
“Mənim doqquz sinfim var. 7-ci siniflər istisna, 5-dən 11-ə kimi siniflərə dərs deyirəm. Bu metodla uşaqlar keçilən dərsdəki tarixi qəhrəmanları canlandırırlar. Bu zaman onlar həmin obraza yiyələndikləri üçün o obrazın etdiklərinin xronoloji ardıcıllığını daha dəqiq əzbərləyə bilirlər. O baxımdan mənim üç ildən artıq təcrübəm var. Bu təcrübə mənə dərsi yeni və maraqlı metodlarla öyrətməyə imkan verir.
Bizim vaxtımızda müəllim danışanda sual verə bilməzdik. Yalnız dərsin sonunda mümkün olurdu. Bu isə bəzən uşaqların suallarını unutmasına səbəb olurdu. Təbii ki, sualları yazmaq olardı, lakin o an uşağın həvəsi orada qırılmış olur, sanki. Ona görə də mən dərs zamanı müəllim-şagird münasibətlərinin daha çox diskussiya formasında qurulmasının tərəfdarıyam. Maraqlı metodlardan ziqzaq üsulu var. Böyük mətni qısa-qısa bölüb uşaqlar arasında debat formasında keçirəm”.
Məktəblərdə bullinq, eləcə də digər neqativ halların yaşanmasından təəssüfləndiyini deyən gənc müəllim bu kimi hallarda həm valideynləri, həm də müəllimləri günahlandırır:
“Bilirsiniz, mənim dərs dediyim siniflərdə bullinq olmayıb. Mən şagirdlərin bir-birinə qarşı hər hansı neqativ hallara yol vermələri üçün boş zaman saxlamıram. Düşünürəm ki, hər bir məsələdə valideyn və pedaqoqlar arasında balans olmalıdır. Burada ən sonuncu günahkar uşaqlardır.
Məktəblərdə həmişə belə hadisələr baş verib. İlk növbədə valideyn övladına bu kimi davranışların düzgün olmadığını, məktəbdə, küçədə kiməsə qarşı psixoloji və ya fiziki təzyiq göstərməmək lazım olduğunu öyrətməlidir. Müəllimlər, pedaqoqlar isə dərs prosesini elə bölməlidirlər ki, uşaqların bu kimi işlərə zamanı qalmasın. Başqa sinfin şagirdi ilə mənim dərs dediyim şagird arasında bir dəfə bullinq halı hiss etdim. Belə ki, uşağa maddi durumunun aşağı olması ilə bağlı təzyiqlər edirdilər. Bu mövzunu heç bir tərəfi bir-birinin yanında təhqir etməmək şərtilə yoluna qoydum. Artıq bir neçə dərsdir müşahidə edirəm ki, elə durum yoxdur. Nə direktor bildi, nə valideynlər. Yəni şagirdlərlə dil tapmaq, səhvlərini onlara düzgün formada izah etmək lazımdır. O zaman onlar səhvlərini özləri başa düşmüş olurlar. Nə qədər valideyn danlasa da, uşaq səhvini özü dərk etmədiyi müddətcə o səhvdən geri dönmür”.
Bu mövzuya toxunmayacağımıza söz alsa da, oxucular üçün deyim ki, bu savadlı, qabiliyyətli, gənc müəllimin görməsinin yenidən bərpası ilə bağlı ümid işığı var… Yəni Özal yenidən görə bilər, müalicəsi var. Amma müalicə xarici ölkələrdən birində və kifayət qədər da bahalıdır.
Özal müəllim isə müalicəsi üçün yardım aksiyasından imtina edir.
Ali məktəbə imtahanı köməkçinin yardımı ilə verdiyini deyən Özal bütün çətinliklərə rəğmən, ali təhsilini alıb:
“İmtahan nəticələrinə uyğun vakansiyalar təklif edilmişdi. O dövrdə də boş vakansiya Lerikdə var idi. Lerikin Zenoni kənd məktəbində üç il çalışdım. Daha sonra MİQ imtahanlarına girdim. Topladığım bal tarix müəllimləri arasında ölkə üzrə ən yüksək hesab olundu. Beləliklə, Bakıya, 45 nömrəli tam orta məktəbə tarix müəllimi kimi gəldim”.
Özal müəllim həm də dərsdən əlavə repetitorluqla da məşğuldur. Nəinki şagirdlərə, müəllimlərə də dərs keçir:
“Bilirsiniz, mən ayrı-seçkiliyin əleyhinəyəm. Görmə məhdudiyyətli olmaq mənim biliyimə heç bir halda təsir etmir. Bizə qarşı niyə ayrı-seçkilik edirlər, anlamıram. Mən hətta doktorantura təhsili almaq fikrindəyəm. Ən böyük arzum isə özümü daha da təkmilləşdirmək üçün Almaniyada təhsil almaqdır”.
Uşaqların dərslərdə “şparqalka”dan istifadə edib-etməməsi ilə maraqlanırıq.
“Bu elə bir şeydir ki, hər zaman olub və olacaq. Onsuz da müəllimlər uşaqlarının dərsi hansı səviyyədə bildiklərinə bələddirlər. Bununla uşaqlar müəllimləri yox, özlərini aldadırlar. Mən uşaqlara hər zaman çarpaz suallar verirəm. Dərsi bilib-bilmədikləri, kitaba baxıb-baxmadıqlarını başa düşürəm. Təəssüfləndiyim məqam şagirdlərin 9-cu sinifdən sonra hazırlıqlara getməsi və tarix fənninə üstünlük vermədikləridir. Yalnız 11-ci sinifdə yada düşür ki, attestat imtahanında tarixdən də imtahan verilir.
Ümumilikdə hər zaman humanitar fənlərə maraq çox olub. Bu gün potensial olaraq ikinci və üçüncü qrupa sənəd verənlər daha çoxdur. Amma düşünürəm ki, tarix çox vacibdir. İnsana kim olduğunu izah edir. Mustafa Kamal Atatürk deyirdi ki, tarixini bilməyən xalqların coğrafiyasını dəyişmək çox asandır”, - müəllim deyir.
Özalı və onun timsalında peşəsini şərəf və ləyaqətlə yerinə yetirən bütün müəllimlərin peşə bayramını təbrik edirik. Ölkəmizdə Müəllim Günü daha çox “məktəblərdə pul yığıldı” başlıqları ilə gündəmə gəlir, lakin əsas olan məqsəddir. Özal müəllim deyir ki, onun üçün bu, qəbuledilməzdir:
“Müəllimin uşaqlardan nəsə umması, mənə görə, doğru deyil. Müəllim üçün ən böyük hədiyyə şagirdlərin uğuru olmalıdır, hər gün dərsə hazır olmalarıdır. Müəllimin ad günü, peşə bayramı, 8 Mart günü kimdənsə nəsə gözləmək düzgün deyil.
Bütün müəllimlərə, özüm də daxil, işini vicdanla görməyi tövsiyə edirəm. Şagirdlərimə isə həyatda hara getməyimizdən, nə etməyimizdən asılı olmayaraq şəxsiyyətlərini uca tutmağı tövsiyə edirəm”.
Daha çox foto burada: Photostock.az
Könül Cəfərli
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
Rəylər