20 
Okt
2022
12:06
8
92
1951
Virtual karabakh

Qurumlar yaxasını niyə kənara çəkir?- Meliorasiya və Su Təsərrüfatı ASC-dən kanalla bağlı ETİRAZ + FOTO

20 Okt, 2022
12:06
1951

Qurumlar yaxasını niyə kənara çəkir?- Meliorasiya və Su Təsərrüfatı ASC-dən kanalla bağlı ETİRAZ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsi ilə bağlı məlumat verdik. Bildirdik ki, sürücülərin təhlükəsizliyi üçün yol kənarında yerləşən kanalın ətrafına heç bir qoruyucu sədd çəkilməyib. Bundan başqa, əraziyə bələd olmayan şəxsi məlumatlandırmaq üçün xəbərdarlıq lövhələri də yerləşdirilməyib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi, Abşeron Rayon Sukanal İdarəsi və Sumqayıt Şəhər Sukanal İdarəsinin rəsmiləri ilə əlaqə saxladıq.

AAYDA-dan bildirildi ki, sözügedən yol bu qurumun balansında deyil. Digərləri isə məsuliyyəti üzərlərindən ataraq iddia etdilər ki, bu məsələyə məhz Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC cavabdehdir.   

Problemə münasibət bildirən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəsmisi Dilqəm Şərifov Oxu.Az-a açıqlamasında qeyd etdi ki, kanal onların balansında olsa da, mühafizə sədləri yol kənarında quraşdırılmalıdır:

“Hər kəs kanalın üzərində dayanır ki, su kanalı Meliorasiya və Su Təsərrüfatı ASC-nin balansındadır. Bəli, həmin ərazidən kanal keçir və dövlətin kanalıdır. Layihəyə uyğun olaraq açıq tipli kanaldır. Biz kanalların mühafizəsi ilə bağlı hər hansı sədd quraşdırmırıq, üstünü örtmürük, çünki bu kanal lilli kanaldır. Texnikalar yaxınlaşıb lili təmizləyir, ona görə də biz onun ətrafını betonlaya bilmərik, layihə o şəkildə olmayıb. Ümumilikdə isə hər bir kanalın mühafizə zolağı var, mühafizə zolağından sonra yol çəkilir. Həmin hadisə olan yerdə də yol gedir, yoldan sonra 11 metrlik mühafizə zolağı, ondan sonra isə kanaldır. Sədlər yolun kənarından qoyulmalıdır ki, hər hansısa avtomobil sürətlə idarə olunsa belə, kanala düşməsin. Yol isə bizim balansımızda deyil. Kimin balansındadırsa, səddi o qurum quraşdırmalıdır”.

Dilqəm Şərifov kanalla bağlı görülən tədbirlərdən də söz açıb:

“Onun üzərindən körpülər, piyada keçidləri salınıb. Kanal vaxtı-vaxtında təmizlənir. Yəni bu məsələdə bizim qurum məsuliyyət daşımır. Burada günahkar yolu salan qurumdur. Bizim kanalların üzərində hətta “Çimmək olmaz” işarələri də var. Mən yazıdan gördüm ki, bir qurum digərinin üzərinə atır. Əslində isə bizim heç yol zolaqlarına dəyməyə icazəmiz yoxdur. Çünki o yol hansı qurumun balansındadırsa, cavabdeh onlardır. 

Həmin hadisə zamanı bizim Abşeron Suvarma Sistemləri İdarəmizdən əməkdaşlar əraziyə gediblər, hadisədən məlumatları var, avtomobil hətta 11 metrlik mühafizə zolağını keçərək kanala düşüb. Məsələn, elə yerlər var ki, avtomobil yolu mühafizə zolağı ilə çəkilib. Elə olanda başa düşmək olar ki, vətəndaş mühafizə zolağı həm də yol olduğu üçün dərhal kanala düşüb. Novxanıda belə yollar var, ancaq o da bizdən asılı deyil, əhalinin rahat gediş-gəlişi üçün o yolları elə çəkiblər, amma doğru addım deyil. Sumqayıtda hadisənin baş verdiyi yerdə isə mühafizə zolağı ilə yol fərqlidir. Sadəcə şəxs sürətli sürdüyü üçün yoldan çıxıb 11 metr mühafizə zolağını sürüşüb və kanala düşüb”. 

Yol isə Sumqayıt şəhər İcra Hakimiyyətinin balansındadır. Mövzu barədə qurumun mətbuat katibi Eyvaz Qocayev ilə təkrar əlaqə saxladıqda o bildirib ki, bununla bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacaq.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri