21 
Okt
2022
17:12
107
14
2504
Virtual karabakh

Xalq artistindən tələbələr üçün möhtəşəm konsert proqramı - FOTOREPORTAJ + VİDEO

21 Okt, 2022
17:12
2504

Xalq artistindən tələbələr üçün möhtəşəm konsert proqramı - FOTOREPORTAJ + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Görkəmli pianoçu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) kollektivi üçün xüsusi konsert proqramı ilə çıxış edib.

Oxu.Az xəbər verir ki, konsert proqramının əvvəlində Vətənimizin bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Mustafa Mehmandarovun dirijorluğu ilə reallaşan konsertdə Xalq artisti Fərhad Bədəlbəylini Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib. Konsert zamanı canlı korifeyimiz Fərhad Bədəlbəylinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri, o cümlədən “Azərbaycan süitası”, “Kürd-Ovşarı” simfonik muğamı ifa olunub.

Konsertdən sonra AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək Xalq artisti Fərhad Bədəlbəyliyə AzMİU kollektivi adından təşəkkürünü bildirib:

“Bu cür tədbirlərin keçirilməsi gənclər üçün klassik musiqinin təbliğinə dəstək verir. Cəmiyyətin klassik musiqi janrına daha da geniş yer verməsi məqsədilə silsilə tədbirlərin keçirilməsini planlaşdırırıq”.

Konsert universitetin professor-müəllim heyəti və tələbələrin yaddaşında silinməz iz buraxıb.

Rektor qarşıdan gələn Zəfər Gününə diqqət çəkərək bildirib ki, Azərbaycan bəstəkarlarının əsərlərinin, xüsusilə milli-vətənpərvər ruhda olan bəstələrin Fərhad Bədəlbəyli kimi sənətçinin ifasında dinləmək AzMİU tələbələrinin bu istiqamətdə inkişafına böyük töhfə verəcəyi şübhəsizdir:

“Bu artıq üçüncü tədbirimizdir. Bundan əvvəl tədbirlərimiz İqtisadiyyat Universitetində, Tibb Universitetində gerçəkləşdirilib. Məncə, bu cür konsertlərin təşkil edilməsi çox möhtəşəmdir. ABŞ-də Fikrət Əmirovun yaradıcılığını dinləyən şəxslər heyrətə gəlir. Təəssüf ki, bizim cəmiyyətimizdə klassik musiqiyə maraq o qədər də yüksək deyil. Növbəti konsert proqramı oktyabrın 31-də İqtisadiyyat Universitetində baş tutacaq”.

Azərbaycan musiqisinin inkişafında, milli bəstəkarlıq və ifaçılıq məktəbinin nümayəndələrinin yetişdirilməsində, dünyada Azərbaycan musiqisinin şöhrətinin ucaldılmasında və milli musiqimizin ecazkar gözəlliyinin gənc nəslə ötürməsində böyük xidmətləri olan Fərhad Bədəlbəylinin ifasında konsert proqramı AzMİU kollektivinin böyük marağına və xoş təəssüratına səbəb olub.

Photostock.az konsertdən görüntülər lentə alıb:

Daha çox foto burada: Photostock.az

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri