8 Noyabr - Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən silsilə tədbirlər təşkil olunub.
Oxu.Az xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək, milli birlik və həmrəylik dəyərlərini təşviq etmək, həmçinin Zəfər Gününün ictimaiyyət arasında geniş qeyd olunmasını təmin etməkdir.
Silsilə tədbirlərin əsas hissəsi noyabrın 8-də baş tutub. Belə ki, saat 11:00-da Ağdam şəhərindəki "Ağdam City Hotel"də, Füzuli şəhərində Mirzə Uluqbəy adına tam orta məktəbdə və Xocavənd şəhər 1 nömrəli tam orta məktəbində Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində konsert proqramları təqdim olunub, məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Həmçinin Ağdam və Füzuli şəhərlərində "Zəfər rəqsi" bədii filmi, Xocavənd şəhərində isə Ağdam Dövlət Dram Teatrının təqdimatında "Mübariz" tamaşası nümayiş etdirilib.
Tədbirlərdə dövlət rəsmiləri, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər, rayon sakinləri, eləcə də Prezidentin xüsusi nümayəndəliyinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, Zəfər Gününə həsr olunmuş bu tədbirlər xalqımızın tarixi Qələbəsinin əhəmiyyətinin gələcək nəsillərə çatdırılması, milli qürur və vətənpərvərlik hisslərinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.