“1993-cü ildə Avropa çempionu oldum. 1994-cü ildən isə artıq zabit kimi Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində çalışmağa başladım. Mən əslində idmançı kimi orada fəaliyyət göstərirdim, yarışlara gedirdim, məşq edirdim. 2015-ci ildə isə Daxili İşlər Nazirliyinin rəhbər heyətinin qərarı ilə mən İdman Cəmiyyətinə sədr vəzifəsinə təyin edildim. Artıq uzun illərdir mənə göstərilən etimadı doğrultmağa çalışdım. Ötən gün isə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxdım. Düşünürəm ki, hüquq-mühafizə orqanlarında çalışmaq şərəflidir, amma DİN əməkdaşı kimi şərəf və ləyaqətlə də təqaüdə çıxmaq daha gözəldir”.
Oxu.Az Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin sabiq sədri, polis polkovniki Zemfira Meftahətdinova ilə müsahibəni təqdim edir.
Ötən gün Zemfira Meftahətdinovanın 60 illik yubileyi keçirilib və idman ictimaiyyəti ilə yanaşı DİN əməkdaşları da onu çox böyük hörmət, sevgi ilə yola salıblar.
- 2015-ci ildən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi kimi çalışırsınız. Karyeranızı başa vurduqdan sonra necə oldu belə bir təklif aldınız?
- Sovet dövründə əslində “Dinamo” idman cəmiyyəti adlanırdı. Mən uşaqlıqdan bu idman cəmiyyətinin üzvüyəm. İdmanda karyeram dövründə çox uğurlar qazanmışam. Düşünürəm ki, Azərbaycan xanımı kimi həm idmançı, həm valideyn, həm də bir zabit kimi fəaliyyətlərimdə yüksək nəticələrə imza atmışam. Ətrafda bu qədər sevgi və hörmət qazandığımı görmək, məni çox sevindirir. DİN rəhbərliyinin mənə göstərdiyi etimadı doğrultmağa çalışmışam.
Çalışdığım müddətdə mən müxtəlif medallar, təltiflər, eləcə də rütbələr aldım.
- 60 yaşınız tamam olur. Zemfira Meftahətdinova geriyə dönüb baxdığında nələr hiss edir?
- Bilirsiniz, bu, çox böyük fəxr hissidir. Mən ömrümü idmana həsr etmişəm. Düşünürəm ki, uğurlarım nailiyyətlərim özümdən sonra idman cəmiyyətinə, xüsusilə xanımlara böyük motivasiya verəcək, onları qələbəyə sövq edəcək. Karyeram ərzində Dünya və Avropa Çempionatlarında da dəfələrlə uğurlara imza atmışam. 1993, 1997 və 2003-cü illərdə stend atıcılığı üzrə Avropa Çempionatlarının qalibi oldum. Komanda turnirlərində isə 1987 və 1990-cı illərdə turnirin qızıl medallarına sahib olmuşam. Ümumi olaraq beş dəfə Avropa çempionu oldum və 1995 və 2001-ci illərdə Dünya Çempionatlarının qalibi oldum. Azərbaycan idmanında xidmətlərimə görə Azərbaycan SSRİ dövründə, daha dəqiq desəm, 1991-ci ildə Azərbaycan SSRİ-nin Fəxri fərmanı ilə, Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanlarına əsasən, 1995-ci ildə “Tərəqqi” medalı ilə, 2000-ci ildə “Şöhrət” ordeni ilə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2004-cü ildə “Tərəqqi” medalı ilə, 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə, daxili işlər orqanlarında xidmətlərimə görə isə 2018-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edildim. Xatırlamaq bir neçə dəqiqəmi alsa da, bu, uzun bir həyat yoludur.
Təqaüdə çıxana qədər 2015-ci ildən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi kimi çalışdım. 2021-ci ildən isə Azərbaycan Milli Olimpiya Komitəsinin, Atıcılıq Federasiyasının vitse-prezidenti kimi çalışıram. Mən heç vaxt idmandan ayrı düşmədim, bundan sonra da ayrı qalmayacağam. Düşünürəm ki, bundan sonra idman cəmiyyətinin üzvləri, idmançılarla daha sıx əlaqə quracağam, onlarla müntəzəm ünsiyyətdə olacağam.
- Qızınız Regina da DİN əməkdaşıdır və Səbail RPİ-də xidmət aparır. Necə düşünürsünüz, bu məsuliyyətli və riskli peşənin mənfi və müsbət cəhətləri hansılardır?
- Qadınlar hər işi bacarar. Biz çox güclüyük. Bizim vitse-prezidentimiz də xanımdır və yüksək səviyyədə öz vəzifələrini yerinə yetirir. Bu, çox gözəl bir nümunə və bütün Azərbaycan xanımları üçün örnəkdir. Hüquq-mühafizə sistemində çoxlu xanım əməkdaş var. İdarə rəisi kimi yoxdur, amma əməkdaş kimi xanımlar kifayət qədər çoxdur. Onların bu işə cəlb edilməsi də onu göstərir ki, etimad var və bu etimad həqiqətən də doğruldulur. Qadınlar cəmiyyətdə kişilərlə çiyin-çiyinə xidmət də apara bilər, ailəsində xanımlıq da edə bilər. Burada heç bir çətinlik yoxdur.
- Siz karyeranız müddətində çox az uğursuz nəticələr əldə etmisiniz. Hətta bildiyim qədər 1999-cu il sizin karyeranızda bir qədər uğursuz mövsüm olub. Ümumiyyətlə, o dövrlə müqayisədə bu gün idman sahəsində uğur qazanmaq çətindir, ya asan?
- Deməzdim çətindir, çünki bu gün idman sahəsində gənclərin uğur qazanması üçün zəruri bütün şərait yaradılıb. Bizim nailiyyətlərimiz onsuz da yüksəkdir. Təkcə Atıcılıq Federasiyasında deyil, digər idman növlərində də belədir. Atıcılıq Federasiyasında həm silah, həm güllə (təlim güllələri) ilə təchizat qaydasındadır. Sahəyə marağı olan, öz üzərində işləyən hər kəs uğur əldə edə bilir.
Bunun nəticəsidir ki, Azərbaycan Atıcılıq Federasiyasının atıcısı Ruslan Lunev Estoniyanın Tallin şəhərində keçirilən Avropa çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında gümüş medal qazanaraq Olimpiadaya lisenziyanı təmin edib. Ruslan Lunev “Paris-2024” Yay Olimpiya Oyunlarına ilk lisenziya qazanan idmançıdır. Bu, çox böyük nailiyyətdir. Olimpiadada da gözəl nəticələr olacaq.
Kütləvi olaraq nailiyyətlərin qazanılmasına gəldikdə isə yenə də uğurlu nəticələr qazanan idmançılarımız çoxdur. Bizim İslam oyunlarında birinci yerə layiq görülən idmançılarımız, digər böyük turnirlərdə mükafatçılarımız var. Elə Ruslan Lunev atıcılıq üzrə 2017-ci il İslam Oyunlarında ölkəmizə 5 qızıl medal qazandırdı. Ondan başqa digər idmançılar da yüksək nəticələr əldə ediblər. Mən bu sahədə olduğum üçün atıcılıq idman növündən geniş danışdım. Amma digər idman növlərində də, maşallah olsun, qızıllarımız çoxdur.
- Məşqçi kimi özünüzü niyə sınamadınız? Sizin təcrübəniz gənclərə çox böyük motivasiya olardı.
- Mən heç vaxt məşqçi ola bilmədim. Yəni hər bir idmançı yaxşı məşqçi ola bilməz. Düzdür, mən peşəkar idmançıyam. Amma özümü heç vaxt məşqçi kimi sınamamışam. Çünki əvvəl mən idmançı kimi karyerama diqqət yönəltmişdim, daha sonra rəhbər vəzifəyə təyin edildim və orada fəaliyyətimə davam etdim. Sözün düzü mən özümü məşqçi kimi görə bilmirəm. Amma hər zaman demişəm ki, öz təcrübəmi bu sahəyə marağı olan, karyera qurmaq istəyən hər kəslə bölüşməyə hazıram.
- Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançılarının ən uğursuz və uğurlu dövrü hansı olub?
- Polis zabiti olan idmançılar arasında yüksək nailiyyət qazananlar arasında polis polkovnik-leytenantı Namiq Abdullayevi misal göstərə bilərəm. 1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunları olimpiadasının gümüş, 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarının qızıl mükafatçısıdır. Üçqat (1995, 1996 və 2003-cü illərdə) Avropa çempionudur. Dünya birinciliyinin gümüş mükafatçısıdır. 1992-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, ardınca Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. O, son 20 ildə yetişən güləşçilərimizin ən məşhurlarından hesab olunur. Azərbaycanın idman tarixinə düşən Namiqin xidmətləri yüksək qiymətləndirilib, o, Azərbaycanın “Tərəqqi” medalı və “Şöhrət” ordeni ilə təltif olunub. Namiq Abdullayev hazırda daxili işlər orqanlarında çalışır.
Cüdo üzrə Pekin Yay Olimpiya Oyunlarının bürünc medalçısı polis polkovnik-leytenantı Mövlud Mirəliyev. O, həm də sambo üzrə ikiqat Avropa və dünya Çempionudur. Cüdoda isə dünya 3-cüsü olub.
Daha sonra “Ağ canavar" ləqəbli azərbaycanlı peşəkar kikboksçu Eduard Məmmədov 26 qat dünya çempionu, 9 qat Avropa çempionu, 9 qat dünya kubokunun sahibi, 15 qat Azərbaycan çempionudur. O, Asiya və Avrasiya çempionu, peşəkarlar arasında dünya çempionudur. O, Daxili İşlər Nazirliyinin "Dinamo" İdman Cəmiyyətinin baş inspektoru vəzifəsində çalışır və polis polkovnik-leytenantıdır. İdmançımız hazırda Azərbaycan Kikboksinq Federasiyasının İdarə heyətinin sədr müavini, Milli komandanın baş məşqçisinin köməkçisidir.
DİN İdman Cəmiyyətinin İdman Təlimi şöbəsinin inspektoru, polis baş leytenantı Rauf Məmmədov da şahmat üzrə 2011-ci ildə turnir qalibi olub. 2015-ci ildə Minskdə keçirilən Şahmat üzrə Avropa Blitz Çempionatının qalibidir. Üçqat Azərbaycan çempionudur.
DİN İdman Cəmiyyətinin yetirmələrindən pəhləvanımız Kamran Məmmədov var. O yunan-Roma üsulu ilə güləş çempionumuzdur. DİN rəhbərliyi bütün idmançılara yarışlara, məşqlərə qatılmaları üçün müvafiq şərait yaradır. Odur ki, biz həm vəzifəmizi, həm də peşəmizi paralel yerinə yetirə bilirik.
- Polislərin idmançı olmaları və fiziki cəhətdən güclü olmaları könüllü, yoxsa məcburi olmalıdır? DİN əməkdaşları müvafiq dövrlərdə fiziki normativlər verirlər.
- Polislər hüquq-mühafizə orqanlarına qəbul olunduqda xüsusi normativlərdən keçirlər. Burada turnik, sürətli qaçış və digər köməkçi normativlər yer alır. DİN İdman Cəmiyyəti də, digər qurumlar da normativlərin götürülməsində iştirak edir. Əsasən kadrlar idarəsi bu prosesi aparır. Nəticələrin yekunu toplanaraq baş idarəyə göndərilir.
- Bu normativlərdən kəsilənlər çox olur? Belə olan halda onlara nə kimi təsiri olur?
- Xeyr, çünki bu gün polislərimiz çox güclüdür. Niyə güclüdürlər və güclü olmalıdırlar? Ona görə ki, bu, birinci növbədə rəhbərliyin tələbidir. Polis əməkdaşları güclü, çevik, cəld olmalıdırlar. Ərazidə xidmət aparan polislər özlərini və vətəndaşları müvafiq situasiyalarda cəld tərpənərək müdafiə etməyi bacarmalıdırlar. Hər bir polis əməkdaşı bunu başa düşür və öz üzərində çalışır. Cəmiyyətdə hansı situasiya ilə qarşılaşacağımızı bilmirik, lakin xidmət başında bütün ehtimallara hazırlıqlı olmaq, eləcə də fiziki cəhətdən hazırlıqlı olmaq vacibdir.
- DİN-in İdman Cəmiyyətinin rəisi postuna kimi namizəd təklif edərdiniz?
- Bu barədə ən düzgün qərarı rəhbərlik verəcək. Mən inanıram ki, DİN İdman Cəmiyyətində bu posta kim təyin edilərsə, işin öhdəsindən layiqincə gələcək. Şəxsi fikrim budur ki, idman aləmində olan namizəd daha yaxşı idarə edər. Çünki bu sahəni bilən namizədlərin olması üstünlük ola bilər. Amma yenə də son qərarı DİN rəhbərliyi verəcək və ən doğru qərar da elə o olacaq.
Bu posta layiq olan namizədlər çoxdur. Kim seçilərsə, ona fəaliyyətində ancaq uğurlar arzu edirəm. Rəhbərliyə də bildirmişəm ki, kənardan da olsa, öz təcrübəmi paylaşmağa, əlimdən gələn köməyi etməyə hər zaman hazıram.
Zemfira Meftahətdinovanı 60 illik yubileyi münasibəti ilə təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik...
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli
Rəylər