30 
Yan
2024
01:49
192
30
2454
Virtual karabakh

Laçında sakinlərin iş problemi necə həll edilir? - MÜSAHİBƏ + FOTO

30 Yan, 2024
01:49
2454

Laçında sakinlərin iş problemi necə həll edilir? - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir nömrəli vəzifəmiz Laçın sakinlərinin işlə təmin olunmasıdır…”.

Bunu “Laçın Abadlıq Xidməti” ASC-nin direktoru Nəsimi Əsədov Moderator.az-a müsahibəsi zamanı deyib.

- Nəsimi müəllim, Laçın şəhərindəki evlərin bərpası və sakinlərin yerləşdirilməsi zamanı kiminsə ev yerinin başqasına verilməsi halları ilə bağlı sizə konkret müraciət olubmu?

- Xeyr, bizə belə müraciətlər olmayıb. Sadəcə, hansısa ərazidən müəyyən dövlət layihəsi üzrə yol keçə və yaxud tikinti işləri aparıla bilər, yəni oradakı evlər plana düşə bilər. Məsələn, mənim Laçındakı öz ata evim qonşuluqdakı digər 18 evlə bərabər dövlət layihəsi icra edilən əraziyə düşüb. Belə ki, orada böyük bir park layihəsi icra edilir və içərisində erməni vandalizmini əks etdirən muzey tikilir. Həmin muzeydə işğal vaxtı dağıdılmış bir neçə ev olduğu kimi saxlanılacaq. Yəni belə olan halda artıq sakinlərin evlərinin öz yerində bərpası mümkün olmur. Lakin bu halda həmin sakinlər şəhərin digər yerlərində tikiləcək evlərlə təmin olunacaq.

- Bəzən belə şikayətlər də eşidilir ki, hansısa sakinlərin evləri işğaldan öncəki evinin ölçüsündən çox kiçik və ailə üzvlərinin sayına uyğun olmayaraq tikilir… 

- Öncə dediyimiz kimi, Laçın şəhərində evlər Fövqəladə Hallar Nazirliyinin rəyi və Əmlak Komitəsinin verdiyi ölçülər əsasında bərpa olunur. Əgər evlər işğaldan öncəki ölçüsünə uyğun qalıbsa, həmin ölçüdə də bərpa olunur. Bəzən bəzi sakinlər deyirlər ki, bizim işğaldan əvvəl evim daha böyük olub, əlavə otağımız olub. Düzdü, əgər hansısa ailənin tərkibi genişlənibsə, bu, Dövlət Qaçqınkom tərəfindən nəzərə alınır və o zaman həmin ailə üçün əlavə otaqlar da tikilir. Amma yaxın gələcəkdə artıq tamamilə dağıdılmış evlərin tikintisinə gəldikdə, burada Dövlət Qaçqınkomun verdiyi siyahı əsasında hər bir ailənin tərkibi məlum olduğundan otaqların sayı da ona uyğun tikiləcək. Hesab edirəm ki, o zaman artıq heç bir sakin tərəfindən ciddi narazılıq olmayacaq.

- Laçında bina tipli mehmanxanaların tikintisi nəzərdə tutulubmu?

- Bəli, Laçında bina tipli hotellərin tikintisi nəzərdə tutulub. Ancaq bizə rəhbər qurumlardan konkret tapşırıq gəlməyib. Bildiyimə görə, yaxın vaxtlarda belə mehmanxanaların tikintisi başlanmalıdır. Hazırda şəhərin mərkəzindəki keçmiş ikimərtəbəli mehmanxana binası və digər ikimərtəbəli binalardan biri hotel kimi bərpa olunur. Söhbət işğaladək Qarıkahası ərazisində peşə məktəbi üçün nəzərdə tutulmuş və tikintisi yarımçıq qalmış binadan gedir. Həmin bina müasir formada restavrasiya olunub tikilərək mehmanxana kimi istifadəyə veriləcək.

- Bildiyimizə görə, Laçında məskunlaşmış əhalinin işlə təmin olunması istiqamətində də çalışırsız?

- Bəli, hazırda qarşımızda duran bir nömrəli vəzifə və məsələlərdən biri Laçın şəhərinə köçürülmüş vətəndaşların iş yerləri ilə təmin olunmasıdır. Bununla bağlı “Bakı Abadlıq Xidməti” tərəfindən evlərin bərpası və tikintisi ilə yanaşı, iş yerlərinin yaradılması vəzifəsini də həyata keçirir. Və bu istiqamətdə əsas işlərdən biri şəhərin kənar hissəsində aqroparkın yaradılması oldu. Orada 46 müəssisənin istifadəyə verilməsi nəzərdə tutulub ki, bu isə ümumilikdə 1200-ə yaxın iş yeri deməkdir.  Bu, böyük bir layihədir. Artıq bir neçə müəssisəmiz ötən ildən işə düşüb və  Laçın sakinləri orada işə qəbul olunublar. Yeni il ərəfəsində də daha iki yeni müəssisə işə düşdü: xalçaçılıq emalatxanası və keramik qabların istehsalı sexi. 2024-cü ilin ilk ayında isə breket istehsalı, dam örtüklərinin istehsalı, yuyucu vasitələrin istehsalı müəssisələri işə başlayıb. Bu günlərdə ayaqqabı fabriki də işə düşməlidir. Bulvara yaxın ərazidə də tikiş sexinin açılması və 35 xanımın işlə təmin edilməsi nəzərdə tutulub. Bir sözlə, biz tikinti və bərpa işləri ilə yanaşı, şəhər sakinlərinin işlə təmin olunması və onların rifah halını yüksəldilməsi üçün də əlimizdən gələni edirik.

- Nəsimi müəllim, sizin öz işlərinizdə, yəni şəhərin bərpa-quruculuq işlərində hansı çətinliklər var? Yəqin ki, əsas çətinliklər keçmişdə qalıb?

- Bəli, demək olar ki, əsas çətinlikləri keçmişik. Və Allahın bu gününə şükürlər olsun ki, Laçın şəhərində yaşayıb-işləyirik. Heç bir çətinlik bizi qorxutmur. Hamımızın on illərlə ürəyində olan arzusu, istəyi cənab Prezidentin rəhbərliyi altında həyata keçirildi və torpaqlarımız işğaldan tam azad olundu. Fəxr edirəm ki, 44 günlük savaş dövründə özüm də bir zabit kimi iştirak etmişəm.

- İşə başladığınız ilk günlər Laçında elektrik enerjisi təminatı yəqin, çox zəif idi…

- Bəli, şəhərin çox cüzi bir hissəsində, əsasən indiki Bayraq meydanında hazırda bizim ofisimiz yerləşdiyi “poçt” deyilən məkanadək küçə işıqlanması var idi. Məhz elektrik, su, istilik problemləri səbəbindən Laçının bərpası üçün işçi qüvvəsinin səfərbər olunması da iki ayadək sürdü. Və Allaha şükür ki, bu gün artıq həmin çətinliklər yoxdur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri