"Laçından çıxanda 11 yaşım var idi, traktorun qoşqusunda çıxmışdıq oradan, bu gün isə 43 yaşımda qürurlu şəkildə, başıdik qayıdıram öz torpağıma".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Yasin Yəhya oğlu Həsənov deyib.
O qeyd edib ki, sevincini, həyəcanını ifadə etməkdə çətinlik çəkir:
"Novxanıda pioner düşərgəsində köçkünlük həyatı yaşamışıq. Bu illər ərzində nə qədər doğmalarımız, sevdiklərimiz yurd həsrəti ilə bu dünyadan köçdülər. Kaş onlar da bu günləri görərdilər. Çox şükür ki, bizə bu günləri görmək nəsib oldu. Allah digər köçkünlərimizə də öz doğma yurdlarına qayıtmaq sevincini yaşamağı nəsib etsin.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün növbəti köç karvanı Laçın şəhərinə yola salınır. Bu mərhələdə daha 20 ailə (68 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Laçın şəhərində 513 ailənin (1 906 nəfərin) daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova