Mar
2024
05:02
283
8
3416
Virtual karabakh

Nərdtaxtanın içinə məktub qoyub döyüşə yollanan “Zayçik”

3 Mar, 2024
05:02
3416

Nərdtaxtanın içinə məktub qoyub döyüşə yollanan “Zayçik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər gün keçdiyiniz küçələrin niyə bu adları daşıdığını bilirsiniz?

Təbii ki, çoxumuz adların niyə, nə səbəbə, kim üçün qoyulduğundan bixəbərik. Bəs biz, hər gün keçdiyimiz küçələrin tarixini niyə bilmirik? 

Lent.az Ceyhun Səlimovun adına verilən küçənin tarixinə toxunub.

Həmin küçə Bakının Nəsimi rayonunda yerləşir. Keçmiş “Papanin” küçəsi.

Bəs, Ceyhun Səlimov kimdir? Hansı xidmətinə görə küçəyə onun adı verilib?

Ceyhun Aqil oğlu Səlimov 1970-ci ilin dekabrın 23-də Bakı şəhərində anadan olub. Nəsimi rayonundakı 9 nömrəli orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakı şəhərindəki 54 nömrəli texniki peşə məktəbində təhsilini davam etdirib. O, daha sonra yol maşınları çilingəri peşəsinə yiyələnib. 1990-cı il iyun ayının 25-də hərbi xidmətə çağırılıb. Ceyhun hərbi xidmətdə olarkən tankçı peşəsinə mükəmməl yiyələnir.

Azərbaycana qarşı Ermənistanın işğalçılıq müharibəsinə dözməyən və Rusiya hökumətinin ermənipərəst mövqeyini hiss edən Ceyhun hərbi xidmətin müddətini başa çatmasını gözləmədən Bakıya qayıdır və az sonra valideynlərinə demədən Milli Ordunun Xüsusi Təyinatlı bölməsində tankçı kimi xidmətə başlayır. 

Evdəki nərdtaxtanın içərisinə qoyub getdiyi məktubunda Ceyhun yazıb: “Ata, sən məni kişi kimi tərbiyə etdiyinə görə çox sağ ol… Mən Şuşaya getdim… Vətənini qəlbdən sevən oğlunuz Ceyhun Səlimov”.

O, 777-ci Xüsusi Təyinatlı hərbi hissənin tərkibində Şuşaya yollanır. Cəsur və qorxmaz bir oğlan idi. Ceyhun döyüşə gülə-gülə, zarafat edə-edə gedirdi. Çox cəld idi. Əsgər dostları ona “Zayçik” adını qoymuşdu.

Ceyhunun qulluq etdiyi hərbi hissənin sorağı Şuşadan, Daşaltıdan, Kosalardan gəlməyə başlayıb. Şuşa uğrunda döyüşlərin birində əlindən və ayağından ağır yaralanır. Bir neçə yoldaşı ilə birlikdə mühasirədən çıxaraq meşə yolu ilə Laçına gəlib çıxırlar. Ceyhun və digər yaralı yoldaşları vertolyotla Bakıya gətirilirlər. Xəstəxanada müəyyən edilib ki, Ceyhun 14 qəlpə yarası alıb. Həkimlərin böyük səyi nəticəsində əlindəki və ayağındakı qəlpələrin yarısı çıxarılıb. 7 qəlpəni isə çıxartmağa qoymayıb. 

Həkimlərə “Müharibədən sonra…” deyib.

20 gün xəstəxanada yatdıqdan sonra Ceyhun Milli Ordunun kəşfiyyat batalyonun tərkibində Ağdərəyə yollanır. 1992-ci ilin iyulun 9-da Ağdərənin alınması əməliyyatında iştirak edir. Ağdərənin alınmasına görə, ovaxtkı müdafiə naziri Rəhim Qaziyevin imzası ilə saat və pul mükafatı ilə mükafatlandırılıb. 3 günlük evə buraxılan Ceyhun, 2 gün Bakıda qaldıqdan sonra cəbhəyə yollanır.

Kasapet yüksəkliyi uğrunda güclü vuruşma gedirdi. Ceyhun Səlimovun ağır döyüşü Kasapet döyüşü olur. 8 nəfər döyüşçümüz mühüm yüksəkliyi döyüşə-döyüşə düşməndən azad edirlər. Bu anda düşmən snayperinin atəşi qəhrəman və vətənpərvər Ceyhunun gözlərini əbədi olaraq yumub. Yoldaşları söyləyir ki, ölümcül yaralı Ceyhun əlinə bir ovuc torpaq götürərək yoldaşlarına: “Bu torpağı qoruyun!” deyə bilib.

1992-ci il 13 iyul tarixində Ceyhun Səlimov qəhrəmancasına şəhid olur. Onun torpaq üstündə göstərdiyi şücaətlərə görə, Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 16 sentyabr tarixi Fərmanı ilə Səlimov Ceyhun Aqil oğlu ölümündən sonra "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilib.

Bu da belə, “Zayçik” adı ilə torpaqları son nəfəsinə qədər qoruyan Ceyhunu siz də tanıyın...

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri