Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Onlar qayıtdılar - FOTO/VİDEO
Ötən gün, oktyabrın 11-də, Azərbaycan yığması Millətlər Liqası çərçivəsində üçüncü oyununa çıxıb.
D liqasında üçüncü qrupda yer alan millimiz səfərdə Farer adalarına 3:0 hesabı ilə qalib gəlib. Millimizin heyətində Riçard Almeyda 28-ci dəqiqədə qapı qarşısında qarışıqlıqdan istifadə edərək hesabı açıb. 67-ci dəqiqədə Dmitri Nazarov meydan sahiblərini məyus edib. 86-cı dəqiqədə isə Almeyda penalti zərbəsini dəqiq yerinə yetirərək matçda son nöqtəni qoyub. Bu, Azərbaycan millisinin rəsmi səfər görüşlərində ən böyük hesablı qələbə kimi tarixə düşüb.
İlk iki turda millinin Kosovo (0:0) və Malta (1:1) ilə bərabərliyə qalmasını nəzərə alsaq, bu oyunda bizi yalnız qələbə qane edirdi. Elə yığmanın baş məşqçisi Qurban Qurbanov da oyunöncəsi mətbuat konfransında heç bir bəhanənin qəbul edilməyəcəyini vurğuladı.
Heyətdə bir sıra dəyişiklik edən Q.Qurbanov hücum xəttində bu dəfə Almaniya 3-cü Liqasının altı qolla bombardiri olan Rüfət Dadaşova şans verdi. R.Dadaşov qol vurmasa da, bir məhsuldar ötürmə ilə yadda qaldı.
Yığmanın heyətində braziliyalı Riçard Almeydanın oyununu xüsusi qeyd etmək lazımdır. Bütün oyun “Qarabağ”ın sabiq yarımmüdafiəçisinin üzərində qurulur. Almeyda həmişə olduğu kimi oyunu öz üzərinə götürdü və bu işin öhdəsindən layiqincə gəldi.
Ümumilikdə ilk iki oyunla müqayisədə, daha inamlı təsir bağışlayan Qurban Qurbanovun yetirmələri sonda sevinən tərəf oldular.
Bu qələbədən sonra millimiz D liqasının üçüncü qrupunda ikinci pilləyə yüksəldi. Azərbaycan yığmasının hesabında beş xal var. Paralel keçirilən qarşılaşmada Malta komandasını məğlub edən Kosovo millisi yeddi xalla qrupa liderlik edir. Farer adaları üç xalla üçüncü, Malta millisi isə bir xalla sonuncudur.
Qurbanovun yetirmələri növbəti iki görüşünü doğma meydanda keçirəcək – 14 oktyabrda Maltaya, 16 noyabrda isə Farer adalarına qarşı. Bu görüşlərdə favorit sayılan Azərbaycan yığması qələbə qazanacağı təqdirdə sonuncu turda Kosovo millisi ilə qrup liderinin və pley-offa vəsiqənin taleyinə aydınlıq gətirəcək.
Səfərdəki oyunlarını nəzərə alaraq, millimizin Malta və Farer adaları ilə ev oyununda elə də çətinlik çəkməyəcəklərinə ümid etmək olar. Lakin mübarizəni davam etdirmək üçün yığmamız Bakıda müqavimətini qıra bilmədiyi (0:0) Kosovo millisi ilə noyabrın 19-da səfərdə keçirəcəyi görüşdə mütləq sərfəli nəticə əldə etməli olacaq.
Əgər millimiz qrup lideri kimi pley-offa çıxsa, bu mərhələdə D liqasının digər üç qrupunun liderləri ilə birgə yarımfinal və final matçlarını oynamağa imkan qazanacaq. Bu komandaların hər hansı biri təsnifat mərhələsindən Avropa çempionatına vəsiqəni təmin edərsə, onu qrupda ikinci yeri tutmuş milli əvəz edəcək.
Hələlik D liqasının digər üç qrupunda Gürcüstan (1-ci qrup), Lüksemburq (2-ci qrup) və Makedoniya (4-cü qrup) komandaları liderlik edirlər.
Qalib 2020-ci ildə keçiriləcək Avropa çempionatında iştirak edəcək.
Ümid edirik ki, Farer adaları üzərində qələbədən sonra mübarizəyə yenidən qayıdan Azərbaycan yığması bu mübarizəni sona qədər çatdıraraq, Avropa çempionatına vəsiqə qazanacaq.
Seymur Baxşev
www.oxu.az
Rəylər