“Arsenal” klubunun rəhbərliyi yüksək xərclərinə və səyahətlə bağlı çətinliklərə görə arzuolunan sayda “Çelsi” və “Arsenal” azarkeşlərinin Avropa Liqasının finalında iştirak edə bilməyəcəyi ilə bağlı gileylənib.
Bu haqda “The Telegraph” məlumat verir
Klub rəsmiləri UEFA-ya müraciət edərək, bu qədər tərəfdarının Bakıya yollana bilməməsinin “qeyri-məqbul” olduğunu bildirib.
UEFA bu müraciətə cavabında, azarkeşlərin səyahət xərclərinin azaldılması məqsədi ilə təşkilatın ekspertlərinin klubla ortaq çözüm axtarıb-tapmasını təklif edib.
Bu arada AFFA-nın baş katibi Elxan Məmmədov “The Telegraph”a verdiyi müsahibədə Heydər Əliyev Aeroportunun çox sayda futbol azarkeşini qəbul etməyə hazır olduğunu bildirib. AFFA rəsmisinin sözlərinə görə, satışda biletlər qalıb və hər iki klubun azarkeşləri onları onlayn şəkildə sifariş verə bilərlər.
E.Məmmədov “Arsenal” və “Çelsi” fanatlarının uçuşlarla bağlı pullarına qənaət etməsi üçün onlara oyun həftəsinin əvvəlində Bakıya gəlməyi tövsiyə edib:
“Azarkeşlərin əksəriyyəti matç günü gəlib, növbəti gün səhər tezdən Bakını tərk etməyə çalışır, onlar bununla hotel və gündəlik xərcləri azaltmaq istəyirlər ki, bu da başa düşüləndir. Dünyanın istənilən yerindən olan azarkeşləri qonşuluqda və ya yaxın coğrafi məkanda keçən yarışda iştirak etmək istəyən zaman belə edir. Ancaq indiki halda azarkeşlərə Bakıya erkən gəlməyi və bizim şəhərdə xoş zaman keçirməyi təklif edirəm”.
E.Məmmədov, həmçinin, hər iki klub rəhbərliyinə öz azarkeşləri üçün Bakıya çarter reysləri təşkil etməyi tövsiyə edib. O, Bakı aeroportunun belə reysləri aşağı qiymətlə qəbul etməyə hazır olduğunu qeyd edib.
Rəylər