Futbol üzrə Azərbaycan 2-ci Liqasının başlanma tarixi müəyyənləşib.
Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı məlumata görə, yarış sentyabrın 4-də start götürəcək. İlk tur iki gün ərzində - sentyabrın 4-5-i tarixlərində - keçiriləcək.
AFFA İcraiyyə Komitəsi tərəfindən iyunun 16-da verilən qərara uyğun olaraq, I Divizion və II Divizionda (yeni adları ilə 1-ci və 2-ci Liqa) çıxış etməsi nəzərdə tutulan komandalarla bağlı müvafiq yekun rəyin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına həvalə olunduğundan bütün prosedurlardan sonra iştirakı rəsmən təsdiqlənəcək klublar çempionluq uğrunda iki dövrə, 22 tur mübarizə aparacaqlar.
2-ci Liqada futbolçuların qeydiyyatı və sifarişi iki rəsmi transfer dövründə həyata keçiriləcək. Yay transfer dövrü 15.07.2023 - 30.09.2023, saat 23:59; qış transfer dövrü 25.02.2024 - 31.03.2024, saat 23:59 tarixlərini əhatə edəcək.
2-ci Liqa klublarında peşəkar və həvəskar futbolçuların birlikdə oynamasına şərait yaradılacaq. Bu klubların Azərbaycan Kuboku yarışlarında iştirakı nəzərdə tutulur.