Martın 1-də Azərbaycan milli aviadaşıyıcısının (AZAL) uçuş heyətinin ümumi illik iclası keçirilib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
AZAL prezidenti Cahangir Əsgərov giriş nitqində yüksək peşəkarlıqlarına və mülki aviasiyanın inkişafına verdikləri dəyərli töhfələrə görə bütün uçuş heyətinə öz minnətdarlığını bildirib. Cahangir Əsgərov qeyd edib ki, bu gün Azərbaycan mülki aviasiyasının uğurlu inkişafı Prezident İlham Əliyevin davamlı dəstəyi və qayğısı sayəsində mümkün olub. Onun sözlərinə görə, həmçinin bütün aviatorların yüksək ixtisası və kollektiv əməyi sayəsində Azərbaycanın mülki aviasiyası etibarlı aviadaşıyıcı kimi qüsursuz nüfuzunu təsdiqləyərək regionda lider mövqe tutmaqda davam edir.
O, uçuşların təhlükəsizliyinin təmin edilməsinin Azərbaycanın milli aviadaşıyıcısının ən yüksək prioriteti olduğunu xüsusilə vurğulayıb. Ən son IOSA auditinin uğurla başa çatması uçuş təhlükəsizliyinin ən yüksək səviyyədə qorunub saxlanılmasını və aviaşirkətin fəaliyyətinin ən ciddi beynəlxalq tələblərə uyğunluğunu bir daha təsdiq edib. Uçuşların təhlükəsizliyi və aviadaşımaların səmərəliliyi məsələlərinə böyük diqqət yetirən AZAL uçuşların təhlükəsizliyinin səviyyəsinin və sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsinə imkan verən qabaqcıl texnologiyaların və həllərin tətbiqi üzərində fəal işləyir.
“Təhlükəsizliyin yüksək səviyyədə qorunub saxlanılması və sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi AZAL-ın möhkəm və mehriban kollektivinin gündəlik əməyidir. Bu, texniki əməkdaşlardan tutmuş yerüstü və təyyarə göyərtəsində çalışan personala qədər - hər bir aviatorumuzun işidir”, - deyə Cahangir Əsgərov bildirib. Onun sözlərinə görə, aviaşirkətin hər bir əməkdaşı çalışır ki, Azərbaycan aviaşirkətlərinin sərnişinləri təyyarədə özlərini rahat və təhlükəsiz hiss etsinlər, həmçinin aviasiya sənayesinin ən ciddi qaydalarına cavab verən yüksək səviyyəli xidmətlə təmin olunsunlar.
Cahangir Əsgərov qeyd edib ki, rəhbərlik uçuş heyəti ilə daimi əsasda məsələlərin birgə həllinə və əhəmiyyətli məqsədlərin həyata keçirilməsinə yönəlmiş konstruktiv dialoq aparır. Onun sözlərinə görə, AZAL-da əməkdaşlara öz potensiallarını nümayiş etdirməyə və aviaşirkətin ümumi məqsədlərinə nail olmaq üçün təcrübələrindən istifadə etməyə imkan verən şərait yaradılıb.
Rəylər