Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində 20 avqust tarixində “Şahdağın hədiyyəsi” adlı xüsusi əyləncəli konsert proqramı təşkil edilib.
Oxu.Az xəbər verir ki, “Şahdağın hədiyyəsi” adlı “açıq qapılar” gününün ənənəvi şəkildə hər il keçirilməsi nəzərdə tutulur.
Proqramın təşkil edildiyi gün minimal qiymət ödəməklə çoxsaylı xidmətlərdən yararlanmaq imkanı qazanan qonaqlar, ziplayn, trotinnet, dağ velosipedi, bob kart, seqvey kimi maraqlı yay əyləncələrindən üçünü eyni zamanda sınaqdan keçirmək şansı da əldə ediblər.
Bundan əlavə, ailəvi istirahət etmək istəyənlər üçün həm böyüklərin, həm də uşaqların zövqünü oxşayacaq əyləncəli proqram da hazırlanıb. Azyaşlı qonaqların marağına səbəb olacaq animatorların müşayiəti ilə təşkil olunan xüsusi şou-proqram onların xatirəsində uzun müddət qalacaq.
Həmçinin açıq havada, dağların ətəyində canlı musiqi ilə yanaşı, DJ-lərin performansı yaşından asılı olmayaraq, hər kəsin zövqünü oxşayıb. Tədbirin sonunda möhtəşəm atəşfəşanlıq təşkil edilib.
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində yay mövsümü iyun ayından sentyabr ayına kimi davam edir.
Qeyd edək ki, keçən ilin avqust ayında təşkil olunan eyniadlı tədbir qonaqların marağına və məmnunluğuna səbəb olduğundan “Şahdağın hədiyyəsi” adlı bu cür “açıq qapılar” gününün ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulur.
Səbinə Səmidxan
www.oxu.az