Türkiyədə hotel qiymətlərinin artması bu ölkədə dincəlmək istəyən Azərbaycan vətəndaşlarının qərarına və büdcəsinə təsir edir.
Bunu “Report”a açıqlamasında Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov bildirib.
“Ümumdünya Turizm Təşkilatının qiymətləndirməsinə əsasən, koronavirus (COVID-19) pandemiyasından sonra dünyada hər turistin orta xərci 50%-ə yaxın artıb. Türkiyədə də təklif olunan turizm paketlərinin (gecələmə, qidalanma) qiymətlərində 30-50% artım müşahidə edilir. Səyahət planlaşdıran bizim vətəndaşlar da bu qiymətləri müqayisə edirlər və təbii ki, kəskin fərq varsa, alternativ variantları araşdırırlar. Bunlar, ölkə daxilində və yaxud digər qonşu ölkələrə səyahət ola bilər”, - deyə o qeyd edib.
“Türkiyəyə səfərlə bağlı insanların qərarına təsir edən həm də fevralda orada baş vermiş dağıdıcı zəlzələdir. Mediada yenidən zəlzələ olacağına dair yayılan xəbərlər insanların qərarlarına, turizm rezervlərinə və səyahətlərin planlaşdırılmasına təsir edib. Bu ölkəyə səfərlərlə bağlı tərəddüdlərə baxmayaraq, Türkiyə dünyanın hər yerindən turist cəlb edən ölkədir, ilk 10-luqdadır, o cümlədən Azərbaycan üçün ən üstün turizm destinasiyalarından biridir. İnsanlarımız istirahət məqsədi ilə daha çox Türkiyəyə gedirlər”, - deyə C.Aşurov əlavə edib.
“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, eyni zamanda “Azərbaycan Ekoturizm Assosiasiyası”nın İcraçı direktoru Samir Dübəndi isə deyir ki, yerli turizm sektoru hələ ki Türkiyə hotellərindəki bahalaşmadan təsirlənməyib. Onun fikrincə, qiymət artımlarının kökündə səyahət üçün seçim imkanları məhdudlaşan Rusiya vətəndaşlarının Türkiyəyə axınının artması dayanır.
“Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı statistikaya görə, bu ilin yanvar-fevral aylarında Rusiyadan Türkiyəyə 507 513 nəfər səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Bundan başqa, Almaniyadan Türkiyəyə turist axını güclənib. Qonşu ölkədəki inflyasiyanı da nəzərə almaq lazımdır”, - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Türkiyədə qiymətlərin artmasından gəlmə turizmi inkişaf etdirmək üçün yararlana bilər:
“140 milyondan artıq əhalisi olan qonşu ölkənin turist potensialından daha səmərəli istifadə etmək mümkündür. Bunun üzərində çalışmağa dəyər”.
Azərbaycanın turizm şirkətlərinin birinin rəhbəri Əziz Şiriyev də deyir ki, Türkiyə hotellərindəki bahalaşma Azərbaycan vətəndaşlarına elə də təsir etməyib. Amma Azərbaycanın turizm sektoru bundan faydalana bilər.
“Azərbaycandan Türkiyə gedənlər artıq erkən rezervasiya ediblər. Onlara qiymət artımı təsir edə bilməz. Bizim vətəndaşlar vaxtilə qiymətlər aşağı olanda bron ediblər və hissə-hissə köhnə qiymətlə ödəyirlər. Hazırda isə Türkiyədəki qiymət artımları və bir müddət əvvəl baş vermiş zəlzələyə görə qonşu ölkəyə getmək istəyənlərin sayı azalıb. Bu da Azərbaycana turist cəlb etməyə imkan verə, yerli turizm sektorunun inkişafına səbəb ola bilər”.
Rəylər