Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Xocavəndin Edilli kəndində tapılan kütləvi məzarlıqla bağlı cinayət işi başlandı - YENİLƏNİB + FOTO/VİDEO
Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığın aşkar edilməsi ilə bağlı Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, faktla bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 115.4, 120.2.1, 120.2.7 ve 120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.
İstintaqla müəyyən edilib ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsipləri, o cümlədən “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələbləri kobud surətdə pozularaq, 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxs öldürülmüş və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilib.
İstintaq zamanı Xocavənd rayonunun Edilli kəndi ərazisinə 23-26 fevral 2022-ci il tarixlərdə baxış keçirilərkən kütləvi məzarlıqdan 7 şəxsə aid, 14-30 sentyabr 2022-ci il tarixdə isə 18 şəxsə aid insan sümük qalıqları aşkar edilərək götürülüb.
İş üzrə zəruri ekspertizalar təyin edilməklə sümük qalıqlarından nümunələr götürülmüş və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib.
Həmin hadisələrin şahidi olmaqla 28 avqust 1993-cü il tarixdən 14 dekabr 1994-cü il tarixədək Ermənistan Respublikasında əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış Füzuli rayon sakini Şıxəliyev Şəmsi Canəhməd oğlu zərərçəkmiş şəxs qismində tanınıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
14:32
“Birinci Qarabağ müharibəsi zamanı – 1990-92-ci illərdə və ondan sonrakı illərdə də bizim 4 minə yaxın vətəndaşımız əsir, girov götürülüb və itkin düşüb. Yəqin ki, onların hamısı erməni qəsbkarları tərəfindən qətlə yetirilib”.
APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.
O bildirib ki, Qarabağın işğal altında olan əraziləri azad edildikdən sonra hissə-hissə şahid ifadələri əsasında və ya qazıntı, təmir-tikinti işləri aparılarkən təsadüfən belə sümük qalıqlarına rast gəlinir: “Bunları sonradan müəyyən sxemlə, proqramla araşdırıb ekshumasiya edib çıxarırıq. İlk dövrlərdə bu işlər kortəbii şəkildə aparıldı. Ərazi buldozerlərlə qazıldı və sonradan məhkəmə-tibbi müayinəsi və son nəticədə genetik ekspertizası çətin oldu. Bununla əlaqədar olaraq dövlət tərəfindən müəyyən göstərişlər verildi və qaydalar tətbiq edildi. Ondan sonra biz işimizi bu qaydalar çərçivəsində aparmağa başladıq. Burada Edilli kəndində ermənilər Azərbaycan əsirləri üçün xüsusi yer ayırıb və kütləvi şəkildə onları basdırıblar. Burada qazıntı işləri davam etdirilir. Hələ yekunlaşmayıb. Budur erməni xisləti”.
Ədalət Həsənov qeyd edib ki, bütün qalıqlar səliqə ilə xüsusi qablara yığılaraq götürülür və hər biri ayrı-ayrılıqda ekspertizaya cəlb ediləcək:
“Hər bir qalıq nömrələnəcək, cinsi, yaşı, boyu, ölüm səbəbi, ölümün müddəti, ölümün mexanizmi müəyyən ediləcək. Daha sonra genetik ekspertizadan sonra genetik profili çıxarılacaq və itkin düşmüş şəxslərin yaxın adamlarından 3 nəfərdən genetik nümunələr götürülərək kimliyi dəqiqləşdiriləcək. Bu günə qədər ümumilikdə 25 nəfərin qalıqları tapılıb”.
Daha çox burada: PhotoStock.az
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
- Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb
- Azərbaycan Ordusunun hərbi qulluqçusu İngiltərədə təltif edilib
- İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Rəylər