Pakistanda “namus üstündə qətl” törətməkdə şübhəli bilinən Məhəmməd Siddik saxlanılıb.
Oxu.Az xəbər verir ki, o, atası ilə birlikdə öz arvadını yandırıb.
Bu hərəkətə 25 yaşlı Şabana Bibinin evdən küçəyə ərindən icazəsiz çıxması səbəb olub.
Əri aydınlaşdırıb ki, üç ildir onunla ailə qurmuş Şabana özbaşına bacısıgilə qonaq gedib.
Qadın evə qayıtdıqdan sonra Siddik və atası onu döyüb, üzərinə benzin tökərək, yandırıblar. Bədəninin 80%-i yanan qadın şənbə günü, aprelin 18-də dünyasını dəyişib.
Hadisə Pəncab əyalətinin Müzəffərgərh dairəsində baş verib. Həlak olanın qardaşı qadının əvvəllər də əri tərəfindən zorakılığa məruz qaldığını açıqlayıb. Siddik Şabananı uşaqlarının olmamasında günahkar bilirmiş.
Dairənin polis rəisi Ray Zamir-ül-Hak bildirib ki, həbs olunan hər iki şəxsə qarşı ittiham irəli sürülüb.
Bundan başqa, onlar həm də terrorizmdə günahkar biliniblər (adətən belə cinayətlərdə ittiham olunanlara qarşı bu maddəni də irəli sürürlər, çünki terrorizmdə günahlandırma işin istintaqı və məhkəməyə verilməsi prosesini sürətləndirməyə imkan verir).
Qeyd edək ki, Pakistanda “namus üstündə qətllər” tez-tez baş verir. Ötən il məhkəmə ailəsinin iradəsinə zidd olaraq ərə getmiş qohumlarını öldürmüş dörd kişi barəsində ölüm hökmü çıxarmışdı.
Rəylər