107.7 - “AvtoFM” radiosu sosial çarxların hazırlanmasını davam etdirir.
Oxu.Az xəbər verir ki, “Yeraltı keçid” adlı növbəti sosial çarxın hazırlanmasında əsas məqsəd vətəndaşları yeraltı piyada keçidindən istifadə etməyə yönəltməkdir.
Belə ki, çarxda bildirilir ki, yolda təhlükəsizliyin nə qədər vacib olduğuna heç kimi inandırmaq lazım deyil. Çünki hər kəs yoluna çıxan piyadanın, avtomobilin aqibətinin nə ilə nəticələnəcəyini yaxşı bilir. Yolu keçmək istəyən piyadanı bir şey düşündürür - görəsən, sürücü yol verəcək, ya yox?
Sonda piyadalara çağırış edilir: Yeraltı keçiddən istifadə edin, bu, əbədi keçidə aparan yolu bir az da olsa uzadır.
Qeyd edək ki, cari ilin ilk 6 ayında respublika ərazisində 1045 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 407 nəfər ölüb, 1117 nəfər xəsarət alıb.
Əlavə edək ki, Azərbaycanın ən məşhur radiolarından olan 107.7 - “AvtoFM” radiosu daim sağlamlıqla və yol təhlükəsizliyi ilə bağlı sosial layihələr həyata keçirir.
Elvin Əhmədov
www.oxu.az