14 yaşlı Ü.M-nin işgəncələrə məruz qalmasının təfərrüatları məlum olub.
Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı yeniyetmənin qonşuları danışıb.
Qonşulardan birinin sözlərini görə yeniyetmənin atası anasını öldürüb və bu hadisədən sonra onun qəyyumluğu anasının yaxını olan Günay adlı qadına verilib.
Belə ki, qonşulardan birinin sözlərinə görə yeniyetməyə qəyyumluq edən şəxs onu zəncirə bağlayaraq günlərlə ac-susuz saxlayıb.
Həmin hadisəni bilən qonşular dəfələrlə polisə müraciət etmək istəsələr də, qadın onları təhdid edərək elə qızının da polis olduğunu deyib.
Daha ətraflı "Xəzər Xəbər"in videomaterialında:
"Anam öləndən sonra bizə xalam baxıb, məni də, qardaşımı da o saxlayıb. Onun qardaşıma işgəncə verməsi ilə bağlı deyilənlər yalandır, həmin işgəncə izləri çoxdanındır, onlar atamın etdikləridir".
Oxu.Az xəbər verir ki, bu sözləri "Qafqazinfo"ya valideynlərini itirən və xalası tərəfindən işgəncələrə məruz qaldığı deyilən 14 yaşlı Ü.M.-in qardaşı 21 yaşlı F.Məmmədov bildirib.
Onun sözlərinə görə, atası Vüsal Məmmədov narkotik aludəçisi olub və daim ailəsinə şiddət göstərib. Hətta anası Fəridə Novruzovanı azyaşlı qardaşının gözü qarşısında qətlə yetirib. Bundan sonra isə o, ağır psixoloji travma alıb:
"O izlər 5-6 il əvvəldən qalan işgəncə izləridir. Narkotik istifadəçisi idi, psixoloji problemləri var idi. Mənim özümə də işgəncələr verib. Anam onun işgəncələrinin qarşısını almağa çalışırdı. 2019-cü ildə atam anamı qətlə yetirib. Məlumata görə, özü də həbsxanada ölüb. Qətl qardaşımın gözünün qabağında olub, ona görə uşaq ağır psixoloji travma alıb. O vaxtdan da məktəbə getmir, psixoloji müalicə alır...
Qonşularımız anamın sağlığında bir dəfə də olsun, bizim qapımızı açmayıblar. Qapımızı döyüb bir şeyə ehtiyacınız varmı deyə soruşmayıblar. Qardaşımı çay içmək adı ilə evə çağırıb belə bir video çəkiblər. Nə məqsədlə etdiyini də dəqiq bilmirəm".
F.Məmmədov qeyd edib ki, onlara qəyyumluq edən xalasının qardaşına işgəncə verməsinə heç vaxt imkan verməz: "Uşaq nəsə səhv hərəkət, nadinclik edəndə bütün valideynlər ona bir şillə vurur. Xalam da bir valideyndir, onun da tərəfini tutmuram, demirəm ki, vurmayıb. Amma işgəncə vermək heç vaxt olmayıb. Mənim olanım-qalanım bir qardaşımdır. Heç mən də icazə vermərəm ki, qardaşıma işgəncə versinlər".
Qeyd edək ki, sosial şəbəkədə 14 yaşlı yeniyetməyə xalası tərəfindən ağır işgəncələr verilməsi ilə bağlı iddialar yayılmışdı. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Faktın təsdiqlənəcəyi təqdirdə yeniyetmənin qəyyumunun əlindən alınaraq sığınacağa yerləşdiriləcəyi bildirilir.