Xırdalan şəhərinin Mehdi Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evlərindən birində baş verən partlayışla bağlı bəzi detallar məlum olub.
Oxu.Az Baku TV-yə istinadla bildirir ki, hadisə 19 yaşlı Xədicə Mustafayevanın həyətdə əl qumbarası ilə ehtiyatsız davranması nəticəsində baş verib.
Xəsarət alan gənc qız xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə şahidi baş verənlərlə bağlı açıqlama verib:
"Qızın həyətdə qanlar içində olduğunu gördüm. Əl nahiyəsi ağır zədələnmişdi, qarın və baş nahiyəsindən ciddi xəsarətlər almışdı. Qardaşı onu avtomobilə qoyub xəstəxanaya aparmaq istədi. Xəstəxanaya aparsalar da, artıq yolda vəfat etmişdi", - deyə o söyləyib.
Qonşuların sözlərinə görə, ailənin dörd övladı olub. Xədicə Mustafayeva üç qardaşın bir bacısı idi. Elə həmin əl qumbarasını da qardaşlardan biri müxtəlif yollarla əldə edərək evdə gizlədib. Hadisə baş verən gün Xədicə onu evdə tapıb və ehtiyatsız davranış zamanı məlum partlayış baş verib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.
Onu da qeyd edək ki, 19 yaşlı Xədicə idmanla məşğul olub. O, kikboksinq idman növü üzrə dəfələrlə müxtəlif turnirlərin qalibi olub.