8-11 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) birgə təşkilatçılığı ilə Bakıda EYBA-nın "Süni intellekt, məlumatlar və rəqəmsal hüquqlar: eyni tendensiya, rəqəmsal hüquqi gələcəyi formalaşdıran fərqli yanaşmalar" mövzusunda payız konfransı ("EYBA Autumn Conference 2026") keçirilir.
Oxu.Az xəbər verir ki, oktyabrın 9-da "Hilton" mehmanxanasında keçirilən beynəlxalq tədbirin açılış mərasimində VK və EYBA rəhbərliklərinin nümayəndələri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən gələn 100-ə yaxın xarici qonaq olmaqla, ümumilikdə 200-dən çox gənc vəkil və hüquqşünas iştirak edib.
Konfrans çərçivəsində süni intellekt, məlumatların mühafizəsi və rəqəmsal hüquqlar sahəsindəki son yeniliklər, bu istiqamətdə formalaşan müxtəlif yanaşmalar və mövcud çağırışlar müzakirə olunub. Bununla yanaşı, vəkillik peşəsinin inkişafı, hüquq sahəsində müasir tendensiyalar və peşənin gələcəyi ilə bağlı fikir və təcrübə mübadiləsi aparılıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
EYBA-nın vitse-prezidenti Federiko Kamurati açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb və konfransın Bakıda təşkilinə görə VK-ya və təşkilat komitəsinə təşəkkürünü bildirib.
O, EYBA-nın gənc vəkillərin peşəkar inkişafına, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, insan hüquqlarının və qanunun aliliyinin təşviqinə töhfə verdiyini qeyd edib.
Süni intellektin hüquq peşəsi üçün yaratdığı imkanlardan danışan vitse-prezident bu texnologiyanın hüquqi araşdırmaları və məlumatların təhlilini asanlaşdırdığını vurğulayıb. Bununla yanaşı, o, vəkillərin süni intellektin təqdim etdiyi nəticələrə kor-koranə etibar etməməli, müstəqil düşüncə və peşəkar mühakimələrini qoruyub saxlamalı olduqlarını diqqətə çatdırıb.
Konfransda VK sədri Anar Bağırovun videomüraciəti nümayiş etdirilib. Sədr çıxışında EYBA-nın payız konfransının Bakıda keçirilməsindən məmnunluğunu ifadə edərək iştirakçıları salamlayıb və onlara ölkəmizdə xoş vaxt keçirməyi arzulayıb. O, Azərbaycanın zəngin hüquq tarixindən, multikultural dəyərlərindən və qədim qonaqpərvərlik ənənələrindən də söz açıb.
Anar Bağırov Azərbaycan hüquq sisteminin müasir prinsiplər və beynəlxalq standartlar əsasında inkişaf etdiyini, bu prosesdə süni intellekt, məlumatların qorunması və rəqəmsal hüquqların yeni istiqamətlər kimi ön plana çıxdığını qeyd edib.
Süni intellektin həyatın müxtəlif sahələrinə təsirinin artdığını vurğulayan sədr bu texnologiyanın yaratdığı imkan və çağırışların hüquqi müstəvidə müzakirə edilməsinin vacibliyini diqqətə çatdırıb. Payız konfransının müxtəlif ölkələrdən olan gənc vəkillər arasında təcrübə mübadiləsi və peşəkar əlaqələrin inkişafı üçün mühüm platforma olduğu bildirilib.
Sədr Azərbaycanda gənclərin vəkillik peşəsinə marağının getdikcə artdığını, Vəkillər Kollegiyasına qəbul olunanların böyük əksəriyyətini gənclərin təşkil etdiyini qeyd edib. Anar Bağırov Kollegiyanın nəzdində fəaliyyət göstərən Gənc Vəkillər Komitəsinin gənc vəkillərin peşəkar inkişafının və fəal iştirakının dəstəklənməsindəki rolunu vurğulayıb. Həmçinin VK-nın beynəlxalq əməkdaşlığa və müxtəlif ölkələrin vəkilləri arasında əlaqələrin gücləndirilməsinə böyük əhəmiyyət verdiyi bildirilib.
Kollegiya sədri konfrans çərçivəsində fikir və təcrübə mübadiləsinin yeni ideyalara və gələcək əməkdaşlıqlara yol açacağına inamını ifadə edib. O, hüquq peşəsinin yalnız qanun və institutlardan deyil, həm də insanlardan, qarşılıqlı anlaşmadan və peşəkar münasibətlərdən ibarət olduğunu söyləyib.
Anar Bağırov iştirakçılara konfrans çərçivəsində keçirilən müzakirələrdə fəal iştirak etməyi, təcrübələrini bölüşməyi və müxtəlif ölkələrdən gəlmiş həmkarları ilə yaxından tanış olmaq fürsətindən yararlanmağı tövsiyə edib.
Tədbir çərçivəsində süni intellekt və rəqəmsal hüquq sahəsinin əsas istiqamətlərini əhatə edən üç panel müzakirəsi keçirilib.
"Hüquq praktikasında və məhkəmə sistemində süni intellekt" mövzusuna həsr olunan ilk panelə VK-nın üzvü Sona Səlimli-Ələsgərova moderatorluq edib. Kollegiyanın üzvləri Şəbnəm Tağıyeva və İlham Hüseynov, eləcə də Milli Kibertəhlükəsizlik Mərkəzinin nümayəndəsi Orxan Əbdülkərimlinin iştirak etdiyi sessiyada hüquq praktikasında və məhkəmə proseslərində süni intellektin artan rolu müzakirə olunub. Həmçinin bu texnologiyanın vəkillərə, məhkəmələrə, qərar qəbuletmə prosesinə və gələcəkdə hüquqi xidmətlərin göstərilməsinə təsiri barədə fikir mübadiləsi aparılıb.
İkinci panel "Süni intellekt və fundamental hüquqlar" mövzusuna həsr olunub. Sessiyaya Kollegiyanın üzvü Yunis Nəsibov moderatorluq edib. Paneldə "Cyber Point" MMC-nin direktoru Elvin Balacanov, eləcə də Kollegiyanın üzvləri Kamil Dəmirli və Mübariz Alıyev iştirak ediblər.
Müzakirələr zamanı süni intellektin fundamental hüquqlara, o cümlədən şəxsi həyatın toxunulmazlığına, bərabərliyə, insan ləyaqətinə, ifadə azadlığına və ədalət mühakiməsinə çıxış imkanlarına təsiri nəzərdən keçirilib. Həmçinin süni intellektin getdikcə daha geniş tətbiq olunduğu şəraitdə zəruri olan hüquqi təminatlar müzakirə edilib.
Konfrans çərçivəsində "Prodata" şirkətinin Biznes təhlili şöbəsinin rəhbəri Cavid Abbasovun rəhbərliyi ilə interaktiv seminar da keçirilib. Sessiyada süni intellektin tənzimlənməsinin daha az müzakirə olunan aspektlərindən biri - dövlət qurumlarının öz fəaliyyətlərində süni intellektdən və avtomatlaşdırılmış qərar qəbuletmə sistemlərindən istifadəsinin necə tənzimlənməli olduğu məsələsi nəzərdən keçirilib.
Bundan əlavə, dövlət qurumları arasında məlumat inteqrasiyası və rəqəmsal dövlət xidmətləri sahəsində praktiki təcrübəyə əsaslanaraq, süni intellektin dəstəyi ilə qəbul edilən dövlət qərarlarının hüquqi əsasları, şəffaflıq, hesabatlılıq və vətəndaşların hüquqlarının qorunması məsələləri müzakirə olunub.
Konfrans VK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cavid Məmmədlinin moderatorluğu ilə keçirilən "Süni intellektin idarə edilməsi və informasiya mühafizəsi" mövzusunda sonuncu panel sessiyası ilə yekunlaşıb.
Müzakirədə ADA Universitetinin Hüquq fakültəsinin dosenti Təbriz Cəfərov və Bahçeşehir Universitetinin Hüquq fakültəsinin dosenti Nəcibə Mustafayeva iştirak ediblər. Paneldə süni intellektin tənzimlənməsinə dair yanaşmalar, məsuliyyətli süni intellekt idarəçiliyi, kibertəhlükəsizlik və məlumatların qorunması məsələləri müzakirə olunub. Eyni zamanda, hesabatlılıq, şəffaflıq, risklərin idarə edilməsi və inkişaf etməkdə olan hüquqi çərçivələrə xüsusi diqqət yetirilib.
Konfrans çərçivəsində iştirakçılar üçün müxtəlif mədəni tədbirlər də təşkil olunub.