2015-ci ildə ilkin vəsait hesabına 1031 müharibə əlilləri və şəhid ailələrinə mənzil verilməsi nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Abşeron rayonunda vətəndaşları qəbul edərkən bildirib.
Nazir qeyd edib ki, bu il Bakının Nərimanov rayonunda gözdən əlilliyi olan şəxslər üçün çoxmənzilli yaşayış binası, eləcə də reabilitasiya əhəmiyyətli bir sıra yeni sosial obyektlər də istifadəyə veriləcək.
Müharibə əlilləri və şəhid ailələrinin dövlət büdcəsi hesabına mənzillə təmin olunmaq üçün yerli İcra Hakimiyyətləri tərəfindən növbəyə götürüldüyü diqqətə çatdırılıb, eləcə də bu və ya digər təminat növü ilə əlaqədar vətəndaşlara müvafiq izahatlar verilib.
Qəbul zamanı ünvanlı dövlət sosial yardımı, əlillik təyinatı, minik avtomobilləri ilə təmin olunma barədə müraciətlər azlıq təşkil edib. S.Müslümov ünvanlı yardım üçün müraciət edən ailələrin gəlir imkanlarının artırılması üçün ilk növbədə onların əmək qabiliyyətli üzvlərinin səmərəli məşğulluğuna köməklik göstərilməsini, müraciətləri əsasında ayrı-ayrı şəxslərin əlillik müayinəsinə cəlb edilməsini tapşırıb.