Aprelin 30-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.
Oxu.Az-ın DİM-ə istinadən verdiyi məlumata görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.
Abituriyentlər Apellyasiya Komissiyasına 1-3 may 2017-ci il tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Qeyd edək ki, aprelin 30-da respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində keçirilən qəbul imtahanlarında bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayıblar. Bundan əlavə, imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Mayın 1-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.
Z.Q.
www.oxu.az