Azərbaycanın bank sektorunda aparıcı mövqelərdən birini tutan “Rabitəbank” ASC 2017-ci ilin 1-ci rübünü mənfəətlə başa vurub.
Bankın aktivləri 31 mart 2017-ci il tarixinə ilin əvvəli ilə müqayisədə 17% artaraq 499,5 mln. manata çatıb. Müştərilərin depozit həcmi 24% artaraq 352,6 mln. manat olub. Bankın məcmu kapitalı 61,9 mln. manat təşkil edib.
Cari ilin birinci rübü ərzində bankın xalis faiz gəlirləri 2,4 mln. manat, xalis qeyri-faiz gəlirləri isə 2,7 min manat təşkil edib. Bank 2017-ci ilin 1-ci rübü ərzində plastik kart infrastrukturunu möhkəmləndirərək aktiv plastik kart hesab istifadəçilərinin sayını 42 min 780-ə, ATM şəbəkəsini isə 58 ədədə çatdırıb.
Bank, həmçinin cari ilin 1-ci rübü ərzində 49 min ədəd olmaqla 30 mln. manat həcmində surətli pul köçürməsini və 65 min ədəd olmaqla 2,8 mln manat həcmində kommunal ödənişi müştəriləri üçün həyata keçirib.
Hazırda “Rabitəbank”da 146 mindən çox hüquqi şəxs və fiziki şəxslərdən ibarət müştəri xidmət olunur, həmçinin bankda 597 nəfər təcrübəli və ixtisaslı peşəkar heyət çalışmaqdadır.
1993-cü ildə yaradılan “Rabitəbank” ASC qısa zaman ərzində fəaliyyət istiqamətini genişləndirərək ölkənin iri bankları arasında öz mövqeyini qoruyub saxlamağa nail olub.
Bu gün Bank 22 filial və 1 şöbədən ibarət geniş filial şəbəkəsi ilə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 15 regionunda müştərilərinə xidmət göstərir. Uzunmüddətli təcrübə və geniş müştəri bazası ilə bank gələcək inkişafı üçün də etibarlı bünövrə yarada bilib.

U.A.
www.oxu.az