Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Abşeron Rayon Gigiyena və Epidemiologiya Mərkəzində işçinin əmək hüququ pozulub?
Yanvarın 15-də Abşeron Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfeksiya üzrə bölmə müdiri, epidemioloq köməkçisi Yaqut Abdullayeva qurumun baş həkimi Xalidə Hüseynovadan şikayətçi olaraq qeyd edib ki, əmək hüquqları kobud şəkildə pozulub. O bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə ərizə ilə müraciət etdiyini, lakin müraciətinə rəsmi cavab gəlmədiyini deyib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, Yaqut Abdullayevanın ünvanladığı müraciətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən baxılıb və cavablandırılıb:
"Müraciətdə vətəndaş çalışdığı müəssisə tərəfindən əməkhaqqının və bayram günlərinin ödənişlərinin ödənilmədiyini iddia edib.
Müəssisə tərəfindən xidmətə verilən məlumata və rəsmi sənədlərə əsasən, şikayətçinin rəsmi ərizəsi əsasında ona iş günü hesab edilməyən bayram günləri işlədiyinə görə əməkhaqqı əvəzinə başqa istirahət günü verildiyi məlum olub".
Aygün Mirakif
Rəylər