Bakıda avtomobil qaçıran yeniyetmələr ağır qəzaya düşüb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, dekabrın 14-ü saat 05 radələrində Abşeron rayonu Ceyranbatan qəsəbəsinin ərazisində Zərdab rayon sakini Fərid Həbibi idarə etdiyi “VAZ 2106” markalı avtomobili Samur-Abşeron kanalına aşırıb.
Onun sərnişinlərindən – Ucar rayon sakini Zəhra Fətəliyeva suda boğulub, özü və digər sərnişin – Bakı şəhər sakini Məhəmməd Mehdiyev xəstəxanaya yerləşdiriliblər.
Araşdırmalar zamanı qeyd edilən avtomobilin Gürcüstan vətəndaşı Namiq Hüseynova məxsus olması və həmin gün Nəsimi rayonu R.Məmmədov küçəsindən F.Həbibi tərəfindən qaçırılması, Masazır qəsəbəsinə sürüb, qəsəbə sakini Ramin Əmircanova məxsus mağazadan pəncərədən girmək yolu ilə 50 manat pul və tütün məmulatı oğurlaması müəyyən edilib.
Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Abşeron RPŞ tərəfindən araşdırma aparılır.
Lent.az-ın əldə etdiyi məlumata görə, avtomobili qaçırmış şəxslər yeniyetmə olub. 17 yaşlı F.Həbibi dostları ilə birlikdə qonşuluqda yaşayan Namiq Hüseynovun “01 BC 821” nömrə nişanlı avtomobilini qaçırıb.
Qəza zamanı avtomobildə olan F.Həbibinin dostu, 16 yaşlı Zəhra Fətəliyeva avtomobildən çıxa bilməyib və suda boğularaq ölüb.