“ACT Azərbaycan” şirkəti marketinq araşdırmaları xidmətlərini aşağı qiymətdə əldə etməyə imkan verən “Omnibus” layihəsinə başlayır. Təqdim olunan layihəyə eyni anda onlarla şirkət öz araşdırmaq istədiyi mövzularla qoşula və cavab ala bilər.
Araşdırmanın “Omnibus” üsulu müxtəlif şirkətlərin paralel iştirak etdiyi kəmiyyət tədqiqat növüdür. Layihənin özəlliyi budur ki, şirkətlər marketinq araşdırmaları üçün ayırdıqları vaxta və büdcəyə qənaət edirlər. Şirkət onu maraqlandıran sualları öncədən təqdim edir və dörd həftə sonra kəmiyyət araşdırması nəticələrini əldə edir. Hər bir şirkət layihəyə istədiyi sayda sual təqdim edə və ya hazır indekslər arasından seçim edə bilər.
Şirkətlərin təqdim etdiyi sualların və tədqiqat nəticələrinin məxfiliyi qorunur. Üstəlik, sorğu nəticəsində əldə olunmuş demoqrafik göstəricilər də şirkətlərə ödənişsiz təqdim olunur.
“ACT Azərbaycan” Gürcüstan, Azərbaycan və Qazaxıstanda ofisləri olan “ACT Global” tədqiqat və konsultasiya şirkətinin Azərbaycandakı nümayəndəliyidir. 2004-cü ildən fəaliyyət göstərən “ACT Global” keçmiş Sovet, eləcə də, Şərqi Avropa ölkələrində sosial və marketinq araşdırmaları həyata keçirir. 2010-cu ildən isə “ACT Global”ın Bakı ofisi - “ACT Azərbaycan” fəaliyyət göstərir. Şirkət 7 illik fəaliyyəti dönəmində Azərbaycan bazarında olan bir çox yerli və xarici şirkətlərlə uğurlu əməkdaşlıq edir.
A.M.