Yaşıllıqlar və meşələr planetimizin və şəhərlərimizin "ağciyərləri" adlanır.
Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu ağacların kəsilməsi ilə bağlıdır.
Hansı hallarda ağaclar və yaşıllıqlar kəsilə bilər?
Qanunvericiliyə görə, yaşıllıqlar yalnız müəyyən edilmiş hallarda götürülə bilər.
Sözügedən hallar aşağıdakılardır:
I. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda;
II. "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Qanuna uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə;
III. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda;
IV. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda;
V. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda;
VI. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda;
VII məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar kənd təsərrüfatı fəaliyyətinə mane olduqda.
Bu Qanunun müvafiq maddələrində (I, II, VI, VII bəndləri - red. ) (ağaclara münasibətdə) göstərilən hallarda yaşıllıqların götürülməsi (kəsilməsi) onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilir.
İnzibati xətalar məcəlləsində qanunsuz kəsintiyə görə cərimələr də müəyyənləşib.
Meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər 2 000 manat miqdarında, vəzifəli şəxslər 4 000 manat miqdarında, hüquqi şəxslər 25 000 manat miqdarında cərimə edilir.
Eyni inzibati xəta şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən örədildikdə, hər bir ağacın və ya kolların zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər 2 200 manat miqdarında, vəzifəli şəxslər 5 000 manat miqdarında, hüquqi şəxslər 35 000 manat miqdarında cərimə edilir
Sözügedən məsələlər görə, Cinayət Məcəlləsində də sanksiyalar və həbslər nəzərdə tutulub.