Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin geyimi ilə bağlı yeni tələblər müəyyənləşdirilib.
Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu müəllimlər üçün müəyyən edilən geyim qaydalarıdır.
Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər"i təsdiq edib.
Öncəliklə onu qeyd edək ki, bu tələblər xüsusi təyinatlı dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərə şamil edilmir.
Müəllimlər əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbdə, eləcə də məktəbi təmsil etdikləri məktəbdənkənar rəsmi və təntənəli tədbirlərdə müəyyən edilmiş tələblərə riayət etməlidirlər.
Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya onların elementlərindən istifadə edilməsinə icazə verilir.
Təhsilverənlərin geyimi, o cümlədən istifadə etdikləri geyim elementləri ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmalıdır.
Müəllimlərin bu tələblərə riayət etməsinə məktəb rəhbərliyi nəzarət edir. Geyim qaydalarına əməl olunması ilə bağlı məsələlər isə məktəbin Pedaqoji Şurası tərəfindən həll edilir.
Təhsilverənlərin geyimi mövsümə uyğun təmiz, səliqəli, sadə və işgüzar üslubda (fiziki tərbiyə, çağırışaqədərki hazırlıq, texnologiya, fizika, kimya və biologiya fənlərinin tədrisi zamanı tədris məşğələsinin xarakterinə və iş şəraitinə uyğun funksional və rahat geyimlərdən istifadə edilməsi istisna olmaqla) olmalıdır.
Təhsilverənlər üçün aşağıdakı geyim tələbləri müəyyən edilib:
Kişi təhsilverənlər üçün:
- sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar);
- uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək;
- təhsilverənin öz istəyi ilə qalstuk, habelə köynəyin üzərindən geyinilən klassik üslubda sviter, pulover və ya jilet;
- klassik ayaqqabı.
Qadın təhsilverənlər üçün:
- sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar, pencək və ətək və ya pencək və don);
- uzunluğu diz xəttində və ya dizdən aşağı olan ətək və ya don;
- uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək və ya kofta;
- klassik ayaqqabı.
Geyimin ölçüsü və forması təhsilverənin əmək funksiyasının icrasına mane olmamalıdır.
Təhsilverənlərin əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbin işgüzar mühitinə, pedaqoji fəaliyyətin xarakterinə və şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olmayan, eləcə də müəyyən edilmiş geyim üslubundan kənara çıxan geyimlərdən və geyim elementlərindən istifadə etməsinə yol verilmir.