Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli xəstəxananın Urologiya şöbəsi ilə bağlı şikayət var.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Belə ki, şikayətçi Nəriman Qafar oğlu Fəttahovun iddialarına görə, şöbənin uroloqu Anar Məmmədov və Ləman adlı tibb bacısı dövlət hesabına, ödənişsiz həyata keçirilməli olan əməliyyat üçün ondan 500 manat tələb ediblər.
Xəstə iddia edib ki, maddi imkanının olmadığını və tələb edilən məbləği ödəyə bilməyəcəyini bildirdikdən sonra əməliyyat gecikdirilib. Nəticədə o, bir neçə gün kəskin ağrı çəkib. Tibbi sənədlərini götürərək başqa xəstəxanaya müraciət etmək istədiyini bildirdikdə isə həkim ona qarşı təhqiramiz ifadələr işlədib.
Nəriman Fəttahov xəstəxanada faktiki olmadığı halda, 31 oktyabr - 2 noyabr tarixlərində adına stasionar yatış qeydiyyatının aparıldığını da iddia edib.
O, bütün bu iddialarla bağlı səsyazılarının olduğunu bildirib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, məsələ hazırda araşdırılır:
"Vətəndaş Nəriman Fəttahovla bağlı məsələ hazırda həm xəstəxana rəhbərliyi, həm də aidiyyəti üzrə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən nəzarətə götürülüb.
Araşdırma Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun aparılır və yekunlaşdıqdan sonra hüquqi müstəvidə müvafiq qərar qəbul edilərək rəsmi qaydada əlavə məlumat veriləcək".