Bu gün səhər saatlarında Bakı şəhərindən köç karvanı ilə Zəngilan rayonunun Ağalı kəndinə yola düşən 123 nəfərdən ibarət olmaqla 25 ailə öz doğma yurduna çatıb.
AZƏRTAC xəbər verir ki, kəndə qədəm qoyan ailələr Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları, həmçinin digər rəsmi şəxslər və Ağalıya daha öncə köçən ailələr tərəfindən böyük coşqu ilə qarşılanıblar. Daha sonra ata-baba yurdlarına qayıdan keçmiş məcburi köçkünlərə mənzillərin açarları təqdim edilib və ailələr yeni evlərində yerləşiblər. Bununla da Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 133 ailənin, 649 nəfərin məskunlaşması təmin olunub.
Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar.
Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair imkanlar mövcuddur. Hazırda Ağalı kəndinə növbəti ailələrin köçürülməsi də planlaşdırılır və bu məqsədlə hazırlıq işləri görülür.
07:12
Bu gün daha 25 ailənin Zəngilanın Ağalı kəndinə köçü başlayıb.
“Report” xəbər verir ki, ailə tərkibinə uyğun olaraq, onlardan 10-u üçotaqlı, doqquzu dördotaqlı, altısı beşotaqlı fərdi yaşayış evi ilə təmin olunub.
İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə - 123 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin torpaqlarımızı işğal etdiyi dövrdə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.
Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma sentyabrın 8-də Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.
Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Bununla da indiyədək Ağalı kənddə daimi məskunlaşdırılan ailələrin sayı 133-ə (649 nəfərə) çatacaq. Kəndə köçürülmə davam etdiriləcək.
Rəylər