Ağcabədi rayonunun Köyük kəndində yerləşən 45 hektardan çox əkin sahəsinin doqquz aydır susuz qaldığı iddia olunur.
Bununla bağlı Oxu.Az-ın qaynar xəttinə (+994 55 224 12 12) kənd sakinindən şikayəti daxil olub.
Şikayətdə bildirilir ki, suvarma suyunun verilməməsi səbəbindən əkin sahələri ciddi təhlükə ilə üz-üzə qalıb. Problemin uzun müddətdir davam etməsi məhsuldarlığa mənfi təsir göstərib və fermerlərə maddi ziyan vurub.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Ağcabədi rayonunun Köyük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər Quliyev faktı təsdiqləyib.
Onun sözlərinə görə, söhbət 45 deyil, 42 hektar əkin sahəsindən gedir.
"Vətəndaşa məxsus buğda və pambıq sahələrinin suvarılması üçün su verilib. Lakin təxminən 25-30 hektar yonca sahəsinə su çatdırılmayıb. Buna səbəb həmin vətəndaşa məxsus artezian quyusunun nasosunun sıradan çıxmasıdır. Nasos ötən ilin dekabrın 16-dan işləmir. Dünən bununla bağlı Ağcabədi Rayon İcra Hakimiyyətində keçirilən iclasda bildirildi ki, 10 gün ərzində həmin artezian quyularına yeni nasoslar veriləcək", - deyə o qeyd edib.