Bu gün səhər saatlarında qəzaya düşən 107 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobus "Çinar Trans" MMC şirkətinə məxsus olub.
Oxu.Az-a açıqlama verən sözügedən şirkətin direktoru İsmayıl Hüseynov bildirib ki, hadisə bu gün avtobusun hələ marşruta çıxmadığı vaxtda baş verib.
"Hadisə xətdənkənar vaxtda, saat 4-də sürücünün qarajdan çıxıb işə getdiyi zaman baş verib. Sürücü yolun sağında dayanan yük maşınını görməyib, görəndə isə artıq gec olub. Bu, 107 nömrəli xətt üzrə hərəkət edən avtobusdur. Hadisə vaxtı avtobusda sürücüdən başqa heç kim olmayıb. Xəsarət alan yoxdur. Yalnız avtobusa maddi ziyan dəyib. Hadisədən sonra sürücü avtobusu özü idarə edərək qaraja gətirib. Avtobuslarda mühərrik arxa hissədə yerləşdiyi üçün texniki baxımdan ciddi problem yaranmayıb. Yalnız avtobusun üst hissəsi və ön şüşəsi zədələnib", - deyə İ.Hüseynov bildirib.
Bakıda sərnişin avtobusunun yük maşınına çırpılması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə hadisə bu gün saat 05:10-da qeydə alınıb.
Hidayət Seyidmiri oğlu Fəttahovun idarə etdiyi "Iveco" markalı, 99-JX-260 dövlət nömrə nişanlı sərnişin avtobusu MAN markalı yük avtomobilinin qoşqusuna çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bakı şəhərinin Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Qeyd olunub ki, 107 saylı xətt üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb.
Hadisə zamanı avtobusda sərnişin olmasa da nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Hadisənin detalları ilə bağlı aidiyyəti üzrə sorğu verilib.