Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ağrı, ümid, idman, botoks - İmdad diləyən körpələrin bərpa mərkəzindən FOTOREPORTAJ
Hər insan sağlam doğulmur. Bir qisim dünyaya göz açandan sağlamlıq problemi ilə qarşılaşır, bəziləri isə sonradan xəstəliyə düçar olurlar.
Dünyaya gələndən problemlərlə çarpışanlar arasında serebral iflic xəstəliyindən əziyyət çəkənlər də var. Xəstəliyin yaranma səbəbləri müxtəlif ola bilər. Əsasən, bu xəstəlik doğuş zamanı alınan travmalar səbəbindən yaranır.
Bununla yanaşı, ana bətnindəykən müəyyən infeksion xəstəliklər, dölə gedən qan dövranının pozulması, ana ilə döl arasında qan uyğunsuzluğu nəticəsində beyin xəsarət alır.
Düşünək ki, həmin körpələr dünyaya göz açandan bəri hərəkət edə bilmirlər. Onlar bir addım atmaq üçün nələri verməzdilər.
Əl, ayaq işləmir… Lakin ümidləri heç vaxt ölmür. Daim ümid axtarışında olurlar.
Bu səbəbdən də yolumuz realibitasiya mərkəzinədir.
Onları yaxından görmək üçün tələsirik. Yolboyu özümüzü hazırlamağa çalışırıq. Çünki hər şey ola bilər. Düşüncələrimizdə yüzlərlə sual var. Lakin onları necə verəsən?
Budur, ünvandayıq. İlk mərtəbədə səssizlik müşahidə olunur. O qədər qəribə ab-hava var ki, onu sözlə ifadə etmək mümkün deyil. Sanki başqa bir dünyadayıq. Digər mərtəbəyə qalxırıq.
Çatar-çatmaz müxtəlif səslər duyulur. Uşağın dilindən səslənən imdad səsi…
Qışqırıb ağlayırdı. Yaxınlaşdıqca səs artırdı. Özümüzü toparlayıb otağa daxil oluruq.
Uşağın “imdad diləyişi” işgəncə kimi səslənsə də, real görüntü fərqlidir. Sadəcə, reabilitoloqlar idman elətdirirlər, bədən hərəkətsiz olduğundan bu, uşağa işgəncə kimi gəlir. Şahidi olduğumuz əsas məqam buradakı uşaqların əksəriyyətinin azyaşlı olmasıdır.
Reabilitasiya otağının qarşısında iki azyaşlı oğlan uşağı əyləşib. Onların danışıqlarına qulaq verirəm. Məlum olur ki, uşaqlardan birinin bacısı həmin otaqdadır. Bu iki uşaq da onu gözləyir. Özləri sağlam və ümid doludurlar. Bacısı içəridə olan oğlan ümidlə onun sağalacağını dostuna deyir.
Digər tərəfdə isə övladını gözləyən valideynlər var. Bəzilərinin üzündən məyusluq yağır.
Nevroloq Röyanə Quluzadə Oxu.Az-ın müxbirinə serebral iflic xəstələri ilə bağlı məlumat verir:
“Serebral iflic xəstəliyindən danışırıqsa, adından da görünür ki, “cerebralis” (latınca) beyin deməkdir, iflic də bədənin müəyyən hissəsinin işləməməsidir.
Beynin səbəbli olaraq bədəni idarə edə bilməməsi hər hansı əzaların işləməməsi deməkdir. Azərbaycanda serebral iflic xəstələri ilə bağlı dəqiq statistika yoxdur. Mən bilmirəm. Dünya statistikasına görə isə, hər min uşaqdan dörd, yaxud beşi serebral ifliclə doğulur.
Serebral iflicin birinci növbədə yaranma səbəbi doğuş travmasıdır: körpələr çətin, boğulma ilə doğulurlar, uşağı vaxtında çıxarmırlar və ya çəkisi böyük olur. Çox sayda belə uşaqlar görürük. Travmanın nəticəsində körpənin beyninə qan sızır, beyni havasız qalır. Üç dəqiqədən artıq havasız qaldısa, o uşağın beynində qarşısıalınmaz dəyişiklik olur. Beyin inkişafdan qalır. Uşaqda qıcolmalar yaranır. Bədənini hərəkət etdirə bilmir”.
Həkimin sözlərinə görə, serebral iflicin beş ağırlıq dərəcəsi var:
“Valideyn gələndə bizə sualları olur ki, övladım yeriyə biləcəkmi? Bu, valideyni narahat edən ən birinci məsələlərdəndir. O proqnozu vermək üçün xəstəliyin ağırlıq dərəcəsini təyin edirik. Beşinci dərəcəlilər çox ağır olur. Yeriyə, hərəkət edə bilmirlər. Dördüncü dərəcədə isə uşaqlar köməkçi vasitələrlə yeriyə bilirlər. Biz buna nail ola bilirik. Xüsusi vasitələr var. Ən azı, özünü evdə idarə edə bilmə həddinə çatdırırıq.
Üçüncü dərəcəli iflic uşaqların sərbəst yeriməsinə heç bir problem yaratmır. Ona görə də uşaq gələndə birinci baxırıq ki, xəstəliyi hansı dərəcədədir. Valideynə də bunu izah etməyə çalışırıq.
Bəziləri ağız suyunu belə uda bilmir. Çənəsinə bəzi iynələr vururuq ki, ağız suyu artmasın. Hətta ağız suyu çox olsa, uşaq boğula bilər. Belə uşaqlarda qıcolmalar müşahidə edilir. Gecikdirəndə uşaqların bədənində əyilmə prosesi baş verir. Bunun aradan qaldırılması üçün bəzən əməliyyatlar lazım gəlir. Əyilmələrin profilaktikası üçün ortezlər (korreksiya üçün xarici qurğular - red.) təyin edilir.
Serebral iflicli uşaqlarda əl və ayaqlar yığılır. Onların hətta inkişafı ləngiyir, zəif gedir. Baxırsan ki, beş yaşı var, iki yaşlı kimi görünür. Beyin iflic olub deyə inkişafdan qalıb. Serebral iflici olan uşaqlara hər yaşda rast gəlmək mümkündür.
Yaşlı xəstələr də olur. Mümkün qədər onlara da kömək etməyə çalışırıq. Xəstənin yaşı çoxdursa, çox çətin olur. Əl və ayaqları elə yığılır ki, onu idman edib, açmaq çox çətin olur. İynələrlə açmağa çalışırıq. Elə olur ki, iynə ilə açmaq olmur. Onlara vətər əməliyyatları olunur”.
Nevroloq bildirir ki, uşaqlarda iflicin səbəbləri müxtəlif ola bilər:
“Sonradan iflic olanların səbəbi fərqlidir, yəni o, serebral iflic hesab olunmur. Tutaq ki, uşaq iki yaşına qədər yaxşı idi, sonra isə yerişini, yaddaşını itirdi, qıcolmalar başladı. Bunlar genetik xəstəliklərdir. Azərbaycanda da kifayət qədər çoxdur. Və çox zaman serebral ifliclə qarışıq salınır. Müalicə taktikası fərqli olur.
Bəzi genetik xəstəliklər var ki, uşaqlar qeyri-iradi hərəkətlər edirlər. Elə tipi var ki, uşaq hər şeyi anlayır, çox ağıllıdır, lakin hərəkət edə bilmir. Elə uşaq da var ki, hərəkətləri çox zədələnməyib, amma əqli cəhətdən yaxşı inkişaf etməyib”.
R.Quluzadə yüksək gərginliyi olan xəstələrin müalicəsində botulizm toksinindən istifadə olunduğunu söyləyib:
“Hər kəs botoksun gözəllik üçün istifadə edildiyini düşünür, lakin belə deyil. Bədənində yüksək gərginliyi olanlara iynə vurub, bədənini boşaldırıq. Çünki reabilitasiya prosesində qol, ayaq sına bilər. İynə ilə açmağa çalışırıq. Vaxtında müalicə aparılmalıdır”.
Reabilitoloq Tərlan Seyfəddinov əlavə edir ki, reabilitasiya prosesinin bir seansının 50 dəqiqədən artıq olmağı məsləhət görülmür:
“Həkim 15 gün müalicə təyin edirsə, ilk bir həftə ərzində hərəkət sayını bir o qədər çox vermirik. Normalda 70 hərəkət veririksə, ilk həftə 20-30 edirik. Xəstənin ağırlaşmaması üçün bunu edirik. Reabilitasiya prosesinin bir seansı 50 dəqiqə davam etməlidir. 50 dəqiqədən çox məsləhət görülmür”.
Onun sözlərinə görə, beşinci kursdan sonra xəstələr sağala bilirlər:
“Xəstənin diaqnozuna görə müalicə müəyyən olunur. Xəstələr çox aqressiv olurlar. Bu iş səbir tələb edir. Heç cür təsir etməsinə icazə verməməlisən. Normal uşaqlarda iki kursdan sonra effekt verirsə, serebral iflic xəstələrində bir qədər ağır olduğundan müalicə müddəti çox olur. Dörd-beş kurs davam edə bilir.
İflic xəstələr nevroloji cəhətdən daha ağır olurlar. Müdaxilə etməyə çalışırlar. Bacardığım qədər səbirli və mülayim olmağa çalışıram. Hər gün bu qədər uşağa saatlarla, yorulmadan vaxt ayırıram. Tam sağalıb gedənlər var. Gün ərzində bu otağa 50-dən çox xəstə daxil olur. Əslində, növlərə görə sağalma vaxtı təyin oluna bilər. Yüngül formalar tez effekt verir. Hər uşaq müalicəni bir cür qəbul edir. Uşağın özünün götürmə qabiliyyətindən çox şey asılıdır”.
Söhbətimizi qapıda həkimlərdən şəfa diləyən xəstənin anası ilə davam etdiririk.
O, övladında xəstəliyin doğum travmasından yarandığı deyib:
“Doğum vaxtı travmadan yaranıb. Altı aylıq olanda bilmişik. Danışa bilmirdi. İndilərdə danışmağa başlayıb. Sanki bədəni boşalırdı. Buraya ikinci kursdur ki, gəlirik. Ayağında tonus vardı, indi açıldı. Yuxu rejimi normaya düşdü. Bədəni ümumiyyətlə işləmirdi. Yığılmalar var idi. İndi yeriyə bilməsə də, ayaq üstə qalxa bilir, dabanını yerə basır. İlk on günlüyündə effektini gördüm. Doğuş zamanı yaranıb. Əvvəl danışa bilmirdi. İndi isə şeir də deyə bilir. Sağalma mümkündür. Dörd yaşından danışmağa başladı. İndi beş yaşı var.
Azər cizgi filminə baxanda belə, orada gördüklərini izah edir. Qavraması var. Gördüyü hər şeyi mənə izah edir. Mən olmadığım yerlərdə belə, o şeyləri mənə izah edir. Əqli, şüuru yerindədir. Ümidim hər zaman olub. Həkimlər xəstədir deyəndə belə inanmamışdım. Möcüzəyə inanıram. Məndə olan ümid övladımda da var. İnsanın içindəki ümid, həvəs onu dirçəldir. Uşağımın istəyi və həvəsi ilə bu günə gəlib çıxmışıq”.
Əzələ zəifliyindən əziyyət çəkən Fəridin anası isə uşağın dörd yaşa qədər yeriyə bilmədiyini qeyd edib:
“Təkcə sol tərəfində əzələ zəifliyi müşahidə olunur. Doqquz yaşı var. Dörd yaşına qədər ümumiyyətlə yeriməyib. Bir yaşından övladım müalicələr alır. Onurğasında onkoloji problemi var idi. Kimyəvi terapiyalar alıb. Uşaqda əzələ problemi yarandı. Müalicələr sayəsində ayaqda durmağı bacarır. Tamamən xəstəliyi bitib. Siniri sıxıldığına görə ayağında zəiflik yaranıb. İldə dörd dəfə müalicə alır. Evdə idmanlarını etmir. Bu səbəbdən reabilitoloqlara müraciət edirik”.
Daha çox foto burada: Photostock.az
Nəzrin Vahid
Rəylər