Ağsu rayonunda minik maşını yük avtomobili ilə toqquşub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün saat 16:00 radələrində Ağsu-Kürdəmir yolunun 27-ci kilometrliyində, Ağsunun Ərəbmehdibəy kəndi ərazisində qeydə alınıb.
Ərəbmehdibəy kənd orta məktəbinin müəlliməsi, 1962-ci il təvəllüdlü Salmanova Təranə Nəriman qızının idarə etdiyi “06 BD 074” dövlət nömrə nişanlı, “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn Kürdəmir rayonu Sığırlı kənd sakini, 1951-ci il təvəllüdlü İmamverdiyev Novruz İmamverdi oğlunun idarə etdiyi “90 ML 248” dövlət nömrə nişanlı, “HOVA” markalı yük maşını ilə toqquşub.
Yük maşınının altına girən minik maşınının sürücüsü və 4 sərnişini bir saata yaxın avtomobildə sıxılmış vəziyyətdə qalıblar.
Hadisə yerinə gələn FHN-in Ağsu rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri xüsusi alətlər vasitəsilə maşını kəsərək adamları oradan çıxarıblar.
Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Mustafayev Nihad Mustafa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.