Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ANAMA sədri: "Vətən müharibəsindən sonra 170 000 hektardan artıq ərazi minalardan təmizlənib" - ÖZƏL
İqlim dəyişikliyinə təsir edən amillərdən biri də münaqişələr və onun yaratdığı fəsadlardır. Xüsusilə, müharibələr zamanı basdırılan minalar savaş bitəndən illər sonra da insanların həyatını təhlükəyə atır, ətraf mühitə ciddi zərər vurur, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərinə ciddi şəkildə əngəl törədir.
Partlayışlar zamanı yaranan plastik tullantılar ekoloji fəsadlara səbəb olaraq torpaqların strukturuna mənfi təsir göstərir. Uzun müddət torpağın içində qalan minalar zərərli kimyəvi reaksiyalara gətirib çıxarır.
Minalara görə istifadə olunmayan torpaqlar təbii eroziyaya və aşınmaya məruz qalır. Bu baxımdan, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) bu problemə qarşı birgə mübarizə aparmaq və həll yolları axtarmaq baxımımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov COP29 sammiti zamanı mövzu ilə bağlı Oxu.Az-a özəl müsahibə verib.
- Minaların iqlim dəyişikliyinə hansı təsirləri var və bunun qarşısını necə almaq olar?
- Mina probleminin ətraf mühitə mənfi təsirləri çoxdur və biz bu təsirləri görürük. Hər bir mina və sursat partlayışı torpağın, havanın çirklənməsi deməkdir. Çünki havaya tullantılar atılır, torpağa zərər vurulur və bu da öz mənfi təsirlərini göstərir.
- ANAMA bu istiqamətdə hansı işləri görür?
- Biz çalışırıq ki, bu sahədə də öz töhfəmizi verək. Bu ilin may ayında sırf mina probleminin ətraf mühitə təsiri mövzusunda beynəlxalq konfransımız oldu. Bu gün də COP çərçivəsində bizim həmin problemə həsr olunan yan tədbirimiz keçiriləcək.
- Azərbaycanın bu istiqamətdə beynəlxalq arenadakı rolunu necə dəyərləndirmək olar? Çünki mina problemindən ən çox zərər çəkən ölkələrdən biriyik. Təcrübəmizi də nəzərə alaraq, dünyaya hansı çağırışlar edə bilərik?
- Bizim bu sahədə 25 ildən artıq təcrübəmiz var. Sözsüz ki, 44 günlük Vətən müharibəsinə qədər ANAMA kiçik bir təşkilat idi. Çünki problemin həcminə uyğun qurulmuş bir qurum idi. Lakin 44 günlük müharibədən sonra biz mina problemləri ilə ciddi şəkildə üzləşəndə aydın oldu ki, bu problemi həll etmək üçün imkanlarımız, qüvvələrimiz, maddi-texniki bazalarımız artmalıdır və bu istiqamətdə də işlər gedir.
- Bu günə qədər, yəni Vətən müharibəsindən sonra nə qədər ərazi minalardan təmizlənib?
- Azərbaycan ərazilərinin işğalı zamanı basdırılan 1,5 milyona yaxın mina dağıdıcı ekoloji ziyan törədib. 44 günlük müharibədən sonra bu günə qədər 170 000 hektardan artıq ərazi artıq minalardan təmizlənib və son istifadəçilərə təhvil verilib. Eləcə də, 170 000-ə yaxın da mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
- COP29 həm də bu problemin öhdəsindən daha asan, daha tez və daha təhlükəsiz gəlmək üçün fürsət sayılır. Çünki beynəlxalq ictimaiyyətə dəstək və birlikdə mübarizə aparmağa çağırış etmək imkanları yaranır. Siz necə düşünürsünüz?
- Bizim də yan tədbirimizi keçirməkdə məqsədimiz budur. Bildiyiniz kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda 18-ci Dayanıqlı İnkişaf Məqsədi qəbul olundu. Biz 18-ci DİM-in qlobal səviyyədə qəbul olunmasının tərəfdarıyıq və buna çağırış edirik.
Mərahim Nəsib