Baku TV-nin "Arzunun vaxtı" verilişinin budəfəki qonağı valideyn himayəsindən məhrum olmuş 22 yaşlı Nəsibə Kərimova olub. O, uşaqlıq illərində yaşadığı acı taleyindən, anasızlığın gətirdiyi mənəvi yaralardan və həyatla təkbaşına mübarizəsindən bəhs edib.
Nəsibə anası tərəfindən istənmədiyini, körpə ikən xəstəxanada tərk edildiyini bildirib:
"Anamın 17 yaşı olanda mən dünyaya gəlmişəm. Lakin anam bətnində olduğumu öyrənəndən övlad istəmədiyini deyib. Məni dünyaya gələn gecənin səhəri xəstəxanada atıb gedib. İki gün orada həkimlərin yanında qalmışam. Atam başqa rayonda bizneslə məşğul idi, xəbəri olan kimi gəlib məni xəstəxanadan götürərək Azərbaycana - nənəmin yanına gətirib".
O, uzun illər anasını ölmüş bildiyini qeyd edib: "Mənə 13 yaşıma qədər nənəm baxıb. 7 yaşıma qədər bibimi öz anam bilmişəm. Səkkiz yaşımda sənəddə anamın adını gördüm. Nənəm o zaman dedi ki, anan rusdur və səni dünyaya gətirərkən rəhmətə gedib. Yalnız 13 yaşımda nənəmi xərçəng xəstəliyindən itirəndən sonra öyrəndim ki, əslində, anam sağdır və ailə həyatı qurub".
Nəsibə illər sonra anası ilə qarşılaşmasından və bibisinin ona ödəniş qarşılığında baxmasından söz açıb: "Nənəm rəhmətə gedəndən sonra atam məni yanına apardı, lakin məktəbə görə yenidən Azərbaycana qayıtdım. Göyçayda bibim mənə baxırdı, amma atamdan pul qarşılığında. Sonradan Rusiyada anamla görüşdüm. Mən böyük bir qucaqlaşma gözləyirdim, amma sanki bir buz parçasını qucaqladım. Gördüm ki, onun başqa bir oğlu var. Mənim xəyalını qurduğum hər şeyi - otağı, idman imkanlarını, vermədiyi sevgini öz oğluna verib".