"Sahibkarlığın inkişafı yeni iş yerlərinin yaradılmasına, innovasiyaların təşviqinə və əhalinin rifah halının yüksəlməsinə mühüm töhfə verir".
Oxu.Az xəbər verir ki, bunu "Güc Biznesdədir - DAYAQ" mükafatının təqdimat mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
O bildirib ki, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişaf etdirilməsi sahibkarlıq mühitinin inkişafı ilə yanaşı, vətəndaşların sosial rifahından da birbaşa asılıdır:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildən etibarən ölkədə 4 milyon vətəndaşımızı əhatə edən 5 sosial islahat zərfi həyata keçirilib. Bu islahatların illik əlavə maliyyə yükü 7.6 milyard manat təşkil edir. Nəticədə bu dövrdə minimum əməkhaqqı 3.1 dəfə, minimum pensiya 2.9 dəfə, orta aylıq pensiya isə 2.6 dəfə artırılıb. Sosial müavinət və təqaüd ödənişlərinin həcmi isə 5 dəfə artaraq 400 milyon manatdan 1.9 milyard manata çatıb.
Ötən müddət ərzində əmək münasibətlərinin leqallaşdırılması istiqamətində də mühüm irəliləyişlər əldə edilib. Belə ki, 2018-2025-ci illər ərzində əmək müqavilələrinin sayı 45 faiz və ya 595 min artmış və bu artımın 92 faizi özəl sektorun payına düşmüşdür. Bu müddət ərzində ölkə üzrə əməkhaqqı fondu 3.2 dəfə, o cümlədən qeyri-dövlət sektoru üzrə 3.6 dəfə artıb.
Əhalinin aktiv məşğulluğunun təmin edilməsi istiqamətində, müasir əmək bazarının çağırışlarına cavab olaraq ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə yönəlmiş uzunmüddətli dövlət məşğulluq siyasətinin əsasını təşkil edir.
İslahatların başlandığı dövrdən etibarən Nazirlik tərəfindən 2.1 milyondan çox şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 823 min nəfəri işlə təmin edilib, 82 peşə istiqaməti üzrə 54 mindən çox şəxs peşə hazırlığına, 111 min nəfər isə özünüməşğulluq proqramına cəlb edilib. Bundan əlavə, bu dövr ərzində 1.2 milyon şəxsə peşəyönümü məsləhəti xidməti göstərilib".
Aygün Mirakif